ABŞ elektron ticarət məhsullarının çatdırılma xərclərinin artırılmasını tələb edib (FOTO)

145 illik tarixi olan Ümumdünya Poçt İttifaqının (ÜPİ) Üçüncü Fövqəladə Konqresi İsveçrənin Cenevrə şəhərində öz işini başa çatdırıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, konqres Türkiyənin Poçt və Teleqraf Təşkilatının Baş direktoru, UPİ-nin İnzibati Şurasının sədri Kenan Bozgeyikin sədrliyi ilə baş tutub.

Tədbir ÜPİ-nin gələcək fəaliyyəti üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, konqresin çağırılmasının əsas səbəbi 2018-ci ilin oktyabrında ABŞ-ın ÜPİ üzvlüyündən çıxmaq qərarı və bunun baş verməməsi üçün tərkibi elektron ticarət mallarından ibarət kiçik paketlərin çatdırılma xərclərinin artırılması tələbi olub. Bu səbəb təşkilatın gələcək fəaliyyəti üçün ciddi təhdid yaradırdı.

Konqresin əhəmiyyətini nəzərə alaraq 192 üzv-ölkədən 154-nün nümayəndə heyətləri toplantıya qatılıb.