“Sülh çeşməsi”ndə 7-ci gün: “Bordo bereliler” və komandolar hərəkətə keçdi

Türkiyə Silahlı Qüvvələri və Suriya Milli Ordusunun Suriyanın şimalında həyata keçirdiyi “Sülh çeşməsi” əməliyyatı 7-ci gününə daxil olub.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Müdafiə Nazirliyinin açıqladığı son məlumatlara görə, əməliyyat çərçivəsində 560 PKK/PYD/YPG terrorçusu zərərsizləşdirilib.

Tel Abyad və Rəsulaynda şəhər mərkəzlərinə nəzarətin tam təmin edilməsindən sonra gözlər Fəratın qərbində yerləşən Münbiçə çevrilib. YPG-nin nəzarətində olan şəhər ətrafında bazar günü axşamından bəri hərəkətliklik yaşanır.

Prezident Rəcəb Tayyib Ərdoğanın “Qərar verdik, icra mərhələsinə keçdik” sözləri ilə Münbiç əməliyyatının anonsu verməsindən Münbiçin şimalındakı Cerablusda Türkiyə Silahlı Qüvvələrinin hərəkətliliyi artıb. Çox sayda komanda ilə Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Birlikləri sayılan “Bordo bereliler” Münbiç ətrafına göndərilib. Bölgədə tanklar və zirehli texnikanın hərəkətliliyi də diqqəti cəlb etməyə başlayıb. Bu texnika arasında hərbi birliklərin çayı keçməsi üçün nəzərdə tutulan səyyar körpülər də var.

Suriya Milli Ordusuna bağlı qüvvələrin də Münbiç sərhədində yerləşdirilməsinə başlanılıb.

İddiaya görə, Münbiç ətrafındakı hərəkətliliyin səbəbi əsas hissəsi YPG-dən ibarət olan “Suriya Demokratik Gücləri”nin Dəməşqlə razılaşdığına dair iddianın olmasıdır. İddia görə, “Suriya Demokratik Gücləri” Münbiç və Kobani də daxil olmaqla, nəzarət etdiyi bölgələrə rejim qüvvələrini çağırıb.