Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
DSX-dən Vətənyüksəliş-a verilən məlumata görə, oktyabrın 18-də Cəlilabad rayonunun Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədindən narkotik vasitələrin keçirilməsinin qarşısı alınıb.
Sərhəd naryadı tərəfindən 2 nəfər sərhəd pozucusunun hərəkəti aşkar olunub, qaçaqmalçılar dövlət sərhədindən qanunsuz keçirdikləri əşyaları ataraq geri qaçıblar.
Həmin əşyalara baxış keçirilib, 15 kq 445 qram narkotik vasitə və 580 ədəd “Metodon-40” psixotrop dərman preparatları olması müəyyən edilib.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.