Azərbaycan Belarusda birja ticarətində maraqlıdır

Belarus Universal Əmtəə Birjası və Azərbaycanın Belarusdakı səfirliyi birja ticarətinə Azərbaycan biznesinin cəlb olunması istiqamətində səylərini birləşdirir.

Trend-in məlumatına görə, bu barədə BELTA agentliyinə Belarus Universal Əmtəə Birjasının mətbuat xidmətindən bildiriblər.

Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov birjanın ofisini ziyarət zamanı vurğulayıb:

“Səfirliyin əsas vəzifələrindən biri ölkələr arasında ticari-iqtisadi münasibətlərin inkişafına yardım göstərməkdir. Bu, istər Belarus mallarının Azərbaycana tədarükünə, istərsə də Azərbaycan müəssisələrinin məhsullarına aiddir. Birja ticarəti əhəmiyyətli potensiala malikdir: o, xarici ölkələrdə işgüzar tərəfdaşlar axtarmaq zərurətini aradan qaldırır və ən mühümü, istehsalçı ilə son istehlakçı arasında birbaşa əlaqəni təmin edir. Buna görə də biz Azərbaycan biznesinin nümayəndələrini Belarus Universal Əmtəə Birjası ilə birgə birja məkanının imkanları barədə məlumatlandırmağa və bu mexanizmdən istifadəni tövsiyə etməyə hazırıq. Xüsusən ona görə ki, birja bazarlarına çıxış üçün maneələr yoxdur”.