“Suez Groupe”: Azərbaycan koronavirusun mənfi təsirlərinin öhdəsindən uğurla gəlir


Azərbaycan koronavirusun mənfi təsirlərinin öhdəsindən uğurla gəlir.

Trend-in məlumatına görə, bunu Fransanın “Suez Groupe” şirkətinin Azərbaycan üzrə meneceri Alen Karbonel deyib.

O bildirib ki, şirkət Azərbaycanda əsasən tədqiqat işləri ilə və innovativ layihələrin icrası ilə məşğuldur:

“Azərbaycan da digər ölkələr kimi koronavirus pandemiyasından yan keçməyib. Lakin, ölkədə idarərəçilik yüksək səviyyədə olduğu üçün və hərtərəfli profilaktik tədbirlər sayəsində virusa yoluxanların və ölənlərin sayı digər ölkələrlə müqayisədə çox azdır”.

A.Karbonel qeyd edib ki, pandemiya tikinti sənayesinə, kənd təsərrüfatı sahəsinə, kimya sənayesinə və neft-qaz sektoruna da mənfi təsir göstərib:

“Bununla belə, ölkə bu mənfi təsirin öhdəsindən uğurla gəlir”.

O, həmçinin İqtisadiyyat naziri Mikayıl Cabbarovla MEDEF Şirkətlər qrupu arasında videokonfrans formatında keçirilmiş görüşü xatırladıb:

“Konfransda ölkənin bu böhrana qarşı görəcəyi tədbirlərdən söz açan Cabbarov əlavə edib ki, nəzərdə tutulan heç bir investisiya layihəsi təxirə salınmayacaq”.

A.Karbonel bildirib ki, Azərbaycan hökuməti turizm, tikinti, kənd təsərrüfatı, nəqliyyat sektoru, eləcə də infrastruktur layihələrlə məşğul olan şirkətləri əhatə edən yardım planı hazırlayıb:

“Bu şirkətlərə maliyyə yardımı ayrılır ki, əməkdaşları ixtisar etməsinlər”.

O əlavə edib ki, iqtisadiyyatın şaxələndirilməsinin təmin olunması üçün hökumətə vaxt lazım olacaq:

“Hazırda Azərbaycanda qeyri-neft, qaz sektorunda 2 sahə daha çox inkişaf edib. Bunlar kənd təsərrüfatı və turizm sahələridir. Aydın məsələdir ki, hazırda turizm sahəsində durğunluq yaranıb, bu da təbii haldır. Çünki bütün ölkələr öz sərhədlərini bağlayıb. Ümid edirik ki, tezliklə bu durğunluq aradan qaldırılacaq”.