Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin videokonfrans formatında keçirilən 11-ci iclasında gündəlik neft hasilatının 9,7 mln. barrel azaldılması ilə bağlı mövcud kvotanın müddətinin daha 1 ay, iyulun sonunadək uzadılması barədə qərar qəbul olunub.
Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, may-iyun aylarında öhdəliklərini tam yerinə yetirməyən ölkələrin isə bunu iyul, avqust və sentyabr aylarındakı hasilat göstəriciləri ilə kompensasiya etmələri razılaşdırılıb. 2020-ci ilin dekabrınadək Nazirlərin Birgə Monitorinq Komitəsinin (JMMC) iclaslarının hər ay keçirilməsi zəruri hesab edilib. Nazirlərin Birgə Monitorinq Komitəsinin növbəti iclası isə 18 iyuna təyin edilib.
Beləliklə iyulda gündəlik neft hasilatını OPEC ölkələri 6,084 mln. barrel, qeyri-OPEC ölkələri isə 3,616 mln. barrel azaldacaqlar. Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt və Oman isə gündəlik neft istehsalını əlavə olaraq, təxminən, 1,2 mln. barrel həcmində ixtisar edəcəklər.
Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə uyğun olaraq Azərbaycan may-iyun ayları üzrə 164 min barrel həcmindəki öhdəliyini bu müddət ərzində də yerinə yetirərək, gündəlik xam neft istehsalını 554 min barrel səviyyəsində saxlamalıdır.