Prezidentə yazırlar: Milli dövlətçiliyimiz, ölkəmizin ərazi bütövlüyü naminə mübarizədə hər zaman Sizin yanınızdayıq

Prezident İlham Əliyevə minnətdarlıq məktubları gəlməkdə davam edir.

Trend Prezident saytına istinadla həmin məktubların daha bir neçəsini təqdim edir.

Azərbaycanın yəhudi icmalarının məktubunda deyilir: “Hörmətli cənab Prezident, Azərbaycanın yəhudi icmaları 2020-ci il iyulun 12-də Ermənistan tərəfindən Azərbaycana qarşı törədilmiş təcavüz aktlarını qətiyyətlə pisləyirlər. Bu aktlar Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına ciddi əngəldir. Belə təcavüzlər Ermənistan ilə Azərbaycan arasında silahlı münaqişəni daha da kəskinləşdirir, beynəlxalq hüququ, habelə Ermənistan ilə Azərbaycan arasında atəşkəs haqqında 1994-cü ildə imzalanmış ikitərəfli sazişi pozur. Ermənistan tərəfindən bu hücum nəticəsində hərbi toqquşmalarda Azərbaycanın ondan çox hərbi qulluqçusu, o cümlədən yüksəkvəzifəli hərbçilər, bir dinc sakin öldürülüb, yaralananlar var. Ermənistanın bütün hərəkətləri onun özünün də üzv olduğu beynəlxalq təşkilatların qəbul etdiyi hüquqi sənədlərə ziddir. Cənab Prezident, bu gün milliyyətindən və dini etiqadından asılı olmayaraq Azərbaycanın hər bir vətəndaşı Azərbaycan xalqı ilə və Sizinlə həmrəydir və Azərbaycanda məskunlaşmış bütün xalqlar buna görə böyük qürur duyurlar. Beynəlxalq birlik də Azərbaycanın bütün xalqlarının bu möhkəm birliyini və Sizin müdrik rəhbərliyinizlə bizim cəmiyyətdə yaranmış həmrəy fikri görməlidir. Azərbaycan yəhudiləri bütün beynəlxalq təşkilatlara, ATƏT-in Minsk qrupuna müraciətlə ciddi təhqiqat aparılmasını tələb edirlər ki, Tovuz rayonunda indiki hərbi əməliyyatlar genişlənərək növbəti müharibəyə çevrilməsin, aparıcı beynəlxalq təşkilatlar Ermənistanı beynəlxalq hüquqa riayət etməyə – bu provokasiyanı dayandırmağa, atəşkəsə, habelə BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 nömrəli qətnamələrində göstərildiyi kimi, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş ərazilərindən çıxarılmasına çağırsınlar. Biz, Azərbaycanın çoxminlik yəhudi icmaları bu provokasiyanı qətiyyətlə pisləyirik və Ermənistanın Azərbaycana qarşı törətdiyi provokasiyaya, elan edilməmiş yeni müharibə başlamağa görə cavab verməsini tələb edirik. Bu günlərdə Azərbaycanın bütün yəhudi əhalisi, habelə dünya yəhudiləri birliyi Sizin və Azərbaycan xalqının ətrafında sıx birləşiblər və Sizin ilk çağırışınızla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda mübarizəyə qoşulmağa həmişə hazırıq. Müdriklər deyiblər: “Xoşbəxt o kəsdir ki, öz evində xoşbəxtdir”. Azərbaycan bizim doğma evimizdir və yəhudilər bu münaqişənin ədalətli həlli uğrunda, Azərbaycanda sülh və xoşbəxtlik uğrunda mübarizəyə daim hazırdırlar”.

Məktubu Milli Məclisin deputatı Anatoli Rafailov, Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev və Azərbaycan Avropa Yəhudiləri İcmasının rəhbəri Aleksandr Şarovski imzalayıblar.

Sumqayıt şəhərinin sakini Şirin Şirəliyev yazır: “Hörmətli cənab Prezident, Ermənistanın Azərbaycana qarşı törətdiyi təxribatın qarşısının alınması zamanı ordumuzun gücünə bir daha şahid olduq. İgid əsgərlərimiz 2016-cı il Aprel döyüşlərindəki kimi, bizi bir daha qürurlandırdılar. Məhz onların sayəsində biz sabit, təhlükəsiz həyat yaşayırıq. Bilirik ki, bizi, ölkəmizi qüdrətli bir ordu qoruyur. Cənab Ali Baş Komandan, əmin ola bilərsiniz ki, biz gənclər hər an Sizin əmrinizi gözləyirik. Biz gənclər üçün Vətənə sədaqət müqəddəs hissdir. Aldığımız son nəfəsə qədər Sizin yanınızda olduğumuzu və Sizin bir göstərişinizlə canımızı Vətən uğrunda verəcəyimizi bir Azərbaycan gənci kimi bildirmək istəyirəm. Torpaqlarımızın işğaldan azad olunması istiqamətində apardığınız siyasəti bəyənir, bir gənc olaraq Sizə səmimi qəlbdən təşəkkürümü bildirirəm”.

Qazax rayonundan Elvin Namazov: “Cənab Ali Baş Komandan, dünyanın ən güclü ordularından olan Azərbaycan Ordusu sülh ordusudur. Lazım gələndə düşmənə öz gücünü göstərir. Son günlərdə mənfur ermənilərin hücumlarının qarşısının sərt şəkildə alınması Azərbaycan Ordusunun gücünü bir daha bütün dünyaya bəyan etdi. Tam gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq. Əminik ki, Sizin rəhbərliyinizlə ya sülh, ya da hərb yolu ilə üçrəngli bayrağımızı Qarabağda dalğalandıracağıq. Bunun üçün bizim ən müasir silahlarla təchiz olunmuş ordumuz və Sizin kimi müdrik liderimiz var. Yorulmaz fəaliyyətinizdə Sizə möhkəm cansağlığı və yeni-yeni nailiyyətlər arzu edirəm”.

Bakı şəhərinin sakini Aydın Qasımov: “Hörmətli cənab Prezident, iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində atəşkəs düşmən tərəfindən pozuldu, lakin güclü ordumuz və igid oğullarımız düşməni cavab atəşi ilə susdurdu. Cənab Prezident, Biz YAP Səbail rayon Təşkilatı Gənclər Birliyinin üzvləri Sizə inanırıq. Bizim güclü ordumuz var. Biz öz ərazi bütövlüyümüzü qorumağa hər zaman hazırıq”.

Abşeron rayonundan Könül Əliyeva: “Hörmətli cənab Prezident, son günlər cəbhə bölgəsində ermənilərin törətdikləri təxribatlar həm də dünyaya onu bir daha sübut etdi ki, ölkəmiz güclüdür və güclü orduya malikdir. Milli Ordumuzla qürur duyuruq. Vətənimizi qorumağa, torpaqlarımız uğrunda şəhid olmağa hazırıq. Bu günlərdə xalqımızın bütün diqqəti cəbhə bölgəsindədir. Bu gün düşmənin qarşısında güclü ordumuz qəhrəmancasına dayanıb. Biz inanırıq ki, Sizin komandanlığınızla düşmənə layiqli cavab veriləcək. Vətənin müdafiəsi naminə gördüyünüz işlərdə daim Sizin yanınızdayıq. Xalqımız Sizə inanır və güvənir. Azərbaycan vətəndaşı olduğum üçün qürur duyuram. Sizinlə fəxr edirəm”.

Cəbrayıl rayonunun sakini Rəna Məmmədova: “Hörmətli cənab Prezident, iyulun 12-dən etibarən Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində təxribat törətmək cəhdləri güclü ordumuz tərəfindən layiqincə cavablandırıldı, çoxsaylı canlı qüvvə və hərbi texnika itirən düşmən geri çəkilməyə məcbur edildi. Möhtərəm cənab Ali Baş Komandan, bu gün hər birimiz inanırıq ki, işğal altında olan torpaqlarımızda Sizin rəhbərliyinizlə tezliklə üçrəngli bayrağımız dalğalanacaq”.

Bakı şəhərindən Aysel Heydərli: “Hörmətli cənab Prezident, son günlər erməni hərbçilərinin atəşgahı pozaraq döyüş mövqelərimizi atəşə tutmaları hamımızı hiddətləndirib. Xalqımızın bütün diqqəti cəbhə xəttindədir. Bu gün mənfur düşmənin təxribatının qarşısını güclü ordumuz qəhrəmancasına almışdır. Vəzifələrini ləyaqətlə, şərəflə yerinə yetirən hərbçilərimiz arasında şəhidlərimiz var. Biz inanırıq ki, bu təxribatına görə düşmənə Sizin komandanlığınızla layiqli cavab veriləcək və şəhidlərimizin qanı yerdə qalmayacaq. Xalqımız Sizin yürütdüyünüz siyasətə tam güvənir”.