ATƏT PA sədri Georgi Tseretelinin APA-ya müsahibəsi
–
Gələn həftə Azərbaycan öz dövlətçiliyinin 100 illiyini qeyd edəcək.
Müasir Azərbaycan haqqında fikirlərinizi bilmək maraqlı olardı.
–
Əlbəttə ki, bu, bir respublikanın tarixində ən mühüm gündür və mən
Azərbaycan xalqına öz səmimi təbrik və arzularımı çatdırmaq istəyirəm.
Azərbaycan 1918-ci ildə Şərqdə yaradılmış ilk demokratik respublika idi,
ancaq təəssüf ki, Cənubi Qafqazda yerləşən digər ölkələr kimi, bu dövr
də qısa çəkdi. Bu əsr ərzində Azərbaycan bir çox uğur və nailiyyətlər
əldə etdi, eyni zamanda da çətinliklər və faciələrlə qarşılaşdı, amma
indi müasir Azərbaycandan danışanda deyə bilərik ki, Azərbaycan regionda
böyük iqtisadi potensiala, zəngin mədəniyyətə malik, müasir demokratik
respublika və ən mühümü, sülh şəraitində yaşamağı arzulayan xalqı olan
ən mühüm ölkələrdən biridir. Müstəqillik əldə etdikdən sonra regionda və
xüsusilə Cənubi Qafqaz ərazisində dinc inkişaf ən çətin amillərdən
biridir. Azərbaycanda enerji və nəqliyyat sektorlarında güclü iqtisadi
inkişafı, böyük infrastruktur layihələrini, zəngin mədəni həyatı
gördükdə təsəvvür edə bilərsiniz ki, əgər “dondurulmuş münaqişələr” və
geosiyasi oyunlar olmasa, onda bütün bunlar necə sürətlə və böyük
miqyasda baş tuta bilər. Azərbaycan xalqı üçün daha yüksək həyat
standartları və daha təhlükəsiz demokratik mühit gətirəcək daha müsbət
proseslər arzulayır və nikbin olmaq istərdim.
– Azərbaycan və ATƏT PA arasında əməkdaşlıq haqqında nə deyə bilərsiniz?
–
Bizim qurumun Azərbaycanla çox məhsuldar və uzun əməkdaşlıq tarixi var.
Əlbəttə k, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həmişə
Assambleyanın müzakirələrində hakim mövzu olur və biz bu münaqişənin
hələ də həllini tapmadığına görə təəssüflənirik. Ancaq biz dialoqa, inam
yaratmağa davam edirik və inanırıq ki, sülh bu münaqişənin həlli üçün
yeganə yoldur. Bu, həm də Helsinki Yekun Aktının əsas prinsiplərindən
biridir.
Azərbaycan Parlament Assambleyasında
vitse-prezidentlik mövqeyinə malik olaraq çox yaxşı təmsil olunur. Azay
Quliyev assambleyanın vitse-prezidentidir. Nümayəndə heyətinin rəhbəri
xanım Muradova çox aktiv nümayəndədir və Azərbaycanın digər
nümayəndələri də qurumun bütün fəaliyyətlərində iştirak edir və biz bunu
qiymətləndiririk. Azərbaycanın təşəbbüsü ilə ATƏT PA-da “İpək yolunun
dəstəklənməsi qrupu” yaradılıb və bu, regionda iqtisadi əməkdaşlığın
inkişaf etdirilməsi üçün çox effektiv vasitədir. Bu yaxınlarda Bakıda,
Milli Məclisdə “İpək Yolu boyunca iqtisadi əməkdaşlıq və mədəni
əlaqələrin inkişaf etdirilməsində parlamentlərin rolu” mövzusunda
beynəlxalq konfrans təşkil etmişdik. Nəqliyyat, enerji təhlükəsizliyi və
sərhədyanı əməkdaşlıq kimi sahələrdə həllərin təşviq edilməsi,
əlaqələrin artırılmasının əhəmiyyəti haqqında sıx müzakirələr
aparmışdıq.
İpək yolu boyunca yeni layihələr
bütün üzv ölkələrə daha çox rifah və təhlükəsizlik gətirəcək. Azərbaycan
beynəlxalq layihədə xüsusi rol oynayır. Məsələn, Bakı-Tbilisi-Qars
şərqdən qərbə ticarət və biznes əlaqələri üçün zaman və xərcləri
əhəmiyyətli dərəcədə azaldır. Azərbaycanın liman və dəmir yollarının
inkişafı ilə bağlı göstərilən təqdimatlar çox maraqlı və perspektivli
idi. Bütün bunlar ölkənin enerji potensialı ilə əhəmiyyətli iqtisadi
nəticələr üçün çox müsbət bir zəmin yaradır. Əlbəttə ki, arzuolunan
nəticələrə çatmaq üçün ölkənin maliyyə və iqtisadiyyat sektorunda
islahatların sürətləndirilməsi, korrupsiya ilə mübarizə, qanunun
aliliyi, demokratik birləşmənin təmin edilməsi və insan hüquqlarının
təmin edilməsi lazımdır.
– ATƏT PA ATƏT-in
Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) ilə birlikdə
seçkilərin müşahidəsi üzrə missiyasının aparıcı təşkilatıdır.
Azərbaycanda seçkilərin qiymətləndirməsi həmişə hakimiyyət nümayəndələri
və ATƏT arasında müəyyən fikir ayrılığı yaradır, sonuncu prezident
seçkilərində də ilkin hesabat olduqca tənqidi oldu. Gələcəkdə bu sahədə
konstruktiv əməkdaşlığı davam etdirməyi düşünürsünüzmü?
–
Seçki müşahidəsi Parlament Assambleyasının ən mühüm prioritetlərindən
biridir. Hər il ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu və
digər etibarlı təşkilatlarla əməkdaşlıq çərçivəsində Vankuverdən
Vladivostoka qədər ATƏT ölkələrində seçkiləri müşahidə edirik və bu,
dünyada demokratiyanın gücləndirilməsinə mühüm töhfədir.
Bizim
müşahidəçilər hətta ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya da olmaqla,
az, ya çox demokratik şərait qurulan ölkələrdə uzunmüddətli və
qısamüddətli missiya çərçivəsində seçki prosesinə nəzarət edir. ATƏT PA
prezidenti olaraq, mən bu mühüm işi yüksək qiymətləndirirəm. Biz prosesi
yaxşılaşdırmaq, əsas olaraq vətəndaşların seçimlərini sərbəst ifadə
etməyə imkan vermək məqsədilə onu şəffaf və azad etmək üçün tənqidi,
obyektiv təhlil və tövsiyələr təklif edirik.
Bu
standart hər yerdədir, Azərbaycanda da digər başqa bir ölkədə də. Yekun
hesabatda tənqidi detallar var idi, bununla razıyam, amma eyni zamanda
da bizim müşahidəçilər seçki prosesində müşahidə etdiyi müsbət detalları
da qeyd etmişdilər. Detallara varmaq istəmirəm, çünki bəyanat
ictimaiyyətə açıqdır və hər kəs bu informasiya ilə tanış ola, paylaşa
bilər. Hesab edirəm ki, müşahidə missiyaları seçki dövründə Azərbaycan
hakimiyyəti ilə yaxşı əməkdaşlıq etdilər və bu, qanun pozuntuları və ya
tənqidlərdən başqa, nəticələrə də toxundu.
Vitse-prezident
Azay Quliyev Kopenhagendə baş tutan Büro görüşündə Azərbaycan tərəfinin
arqument və suallarını səsləndirdi, biz də bu barədə ATƏT və Demokratik
Təsisatlar, İnsan Haqları Bürosunu məlumatlandırdıq. Ancaq mənim üçün
ən vacib olan müşahidə missiyası və ATƏT rəhbərliyinin Azərbaycan
hökuməti və cəmiyyəti ilə işləməyə davam etməklə bağlı istəklərini ifadə
etmələridir. Düşünürəm ki, bu, çətinliklərin öhdəsindən gəlmək və
ölkədə seçki prosesində əla standartları təmin etməklə demokratiyanın
səviyyəsini artırmağın yoludur. Mən şəxsən səfərim zamanı cəza çəkən
jurnalistlərlə görüşlə bağlı Azərbaycan rəhbərliyinin köməyini çox
yüksək qiymətləndirmişəm. Biz Azərbaycan rəhbərliyi ilə bunu və digər
problemləri çox açıq şəkildə müzakirə etdik. Mən görüşdüyüm həbsdə olan
jurnalistlərdən Əziz Orucovun məhkəmə qərarı ilə azadlığa çıxmasına görə
çox şad oldum. Ancaq burda başqa məsələlər var və ümid edirəm ki, yaxın
gələcəkdə məhkəmələr onları yenidən nəzərdən keçirəcək, prezident
parlamentlə birgə amnistiya ilə bağlı qərarlar qəbul edəcək.
Azərbaycanla
gələcək əməkdaşlıqdan söz açarkən mən əminəm ki, konstruktiv proses
üçün kifayət qədər resursumuz var. Əlbəttə ki, biz Qarabağ probleminin
sülh yolu ilə həllinə nail olmaq üçün Minsk qrupunun vasitəçilik
səylərini dəstəkləməyə davam edəcəyik, həmçinin əlimizdə olan təcrübə və
vasitələrlə əməkdaşlığın digər sahələrini inkişaf etdirəcəyik.
Ümid
edirəm ki, İlham Əliyevin və yenilənmiş komandasının yeni dövr
rəhbərliyi ərzində Azərbaycanı iqtisadi cəhətdən daha güclü, daha şəffaf
idarəetmə, vətəndaş cəmiyyətinin daha çox rolu və sülhü təmin edəcək
islahatlar aparılacaq.
Mən əminəm ki, regionda stabillik, təhlükəsizlik və rifah üçün Azərbaycan əhəmiyyətli rol oynaya bilər.