Azərbaycanda işğaldan azad olunmuş ərazilərin bərpası əsas vəzifələrdən biri kimi müəyyənləşdirilib

Prezident İlham Əliyev: Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar – bu torpaqların sahibləri qayıtmışıq

Ötən il 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə sona çatdıran Azərbaycanın gündəliyinin mərkəzində hazırda işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı təmin etməklə bağlı məsələlər dayanır. Vəhşi düşmən üç onillik ərzində nəzarəti altında saxladığı torpaqlarımızda ağlasığmaz vandalizm əməlləri törədib. Lakin erməni vandalizminin, dağıntıların miqyası böyük olsa da, Azərbaycan Vətən müharibəsində işğaldan təmizlənən ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə həyata keçirmək əzmindədir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunan ərazilərdə bərpa layihələrinin icrasına başlanılması, hazırda işlərin intensiv şəkildə davam etdirilməsi bunu bir daha təsdiqləyir. Görülən işlərə istinadən deyə bilərik ki, Vətən müharibəsində işğaldan azad edilən ərazilərə artıq həyat qayıdır. Yeri gəlmişkən, avqustun 16-da Kəlbəcər və Laçın rayonlarında səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bir sıra yeni infrastruktur obyektlərinin təməlqoyma və açılış mərasimlərinə qatılıblar. Yolboyu işğaldan azad edilən ərazilərimiz barədə məlumat verən dövlətimizin başçısı “Bura heç vaxt erməni torpağı olmayıb və bundan sonra heç vaxt olmayacaq. Bu, Azərbaycan torpağıdır. Biz azərbaycanlılar – bu torpaqların sahibləri qayıtmışıq”, – deyə vurğulayıb.

Yaradılan infrastruktur işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından bəhrələnməyə və həmin ərazilərə insanların qayıdışını təmin etməyə imkan verəcək

İşğaldan azad edilən ərazilərdə layihələr müxtəlif istiqamətlərdə icra olunur. Bura həm şəhər və kəndlərin tikintisi, həm də zəruri infrastrukturun yaradılması daxildir. Azərbaycan bütün yaşayış məntəqələrini yeni yanaşmalar, o cümlədən “Ağıllı kənd” və “Ağıllı şəhər” konsepsiyası əsasında bərpa etmək niyyətindədir. İndiyədək işğaldan azad edilmiş ərazilərdə Prezident İlham Əliyevin iştirakı ilə ilk yaşayış məntəqələrinin bərpasına başlanılması ilə bağlı tədbirlər keçirilib. Dövlətimizin başçısı Kəlbəcər şəhərində Dövlət bayrağını ucaltdıqdan sonra etdiyi çıxışında Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlərin yerləşdiriləcəyinin müjdəsini çatdıraraq vurğulayıb: “Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir. Mən artıq bildirmişəm, Zəngilan rayonunda bir neçə aydan sonra artıq birinci qrup keçmiş köçkünlər yerləşəcək. Eyni zamanda, Ağdam, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarında da pilot kəndlər seçildi. Artıq işlər gedir ki, o kəndlərin bərpasına start verək və vətəndaşları oraya qaytaraq”.

Hazırda infrastruktur quruculuğu işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işlərinin mühüm bir istiqamətini təşkil edir. Yaradılan infrastruktur işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından bəhrələnməyə və həmin ərazilərə insanların qayıdışını təmin etməyə imkan verəcək. İşğaldan azad eilmiş ərazilərdə üç hava limanının tikintisi planlaşdırılıb. Füzuli Beynəlxalq Hava Limanının təməli 2021-ci ilin yanvarında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Bundan başqa, yenə də Prezident İlham Əliyevin iştirakı ilə Zəngilan rayonunda beynəlxalq hava limanının təməli qoyulub. İşğaldan azad olunmuş ərazilərdə daha bir beynəlxalq hava limanının inşası isə Laçın rayonunun ərazisində nəzərdə tutulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bəhs olunan səfər çərçivəsində Laçın Beynəlxalq Hava Limanının təməlini qoyublar. Laçın Beynəlxalq Hava Limanının tikintisi üçün rayonun Qorçu kəndi seçilib. Bu yerin üstünlüyü ondadır ki, buradan Laçın şəhərinə məsafə 30 kilometrdən, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Beləliklə, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq. Təməlqoyma mərasimində çıxış edən Prezident İlham Əliyev “Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq”, – deyə bildirib.

Azərbaycan ötən il Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin enerji resurslarından səmərəli istifadə etməklə özünün enerji potensialını daha da gücləndirmək niyyətindədir. Prezident İlham Əliyev bəhs olunan əraziləri “yaşıl enerji” zonası elan edib. Qısa müddətdə 110/35/10 kilovoltluq “Füzuli” və eyni gücə malik “Şuşa” yarımstansiyalarının tikintisi yüksək keyfiyyətlə tamamlanaraq Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Hazırda Kəlbəcər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamda 9 yarımstansiya və onları əlaqələndirən 110 kilovoltluq ötürmə xətlərinin tikintisi aparılır. Səfər çərçivəsində dövlətimizin başçısı və birinci xanım 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışına qatılıblar. Prezident İlham Əliyev, həmçinin Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə tanış olub.

Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu ilə bağlı statistika kifayət qədər zəngindir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər və Laçın rayonlarına səfərləri çərçivəsində, həmçinin Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murov dağında inşa olunacaq 11,6 kilometrlik tunelin, Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 kilometr uzunluğundakı tunelin təməlinin qoyulması mərasimlərinə qatılıblar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə səfər çərçivəsində “İstisu” sanatoriyasında da olublar. Dövlət başçımız İstisu-Minkənd yolu barədə məlumat verib. Uzunluğu 51 kilometr olan bu yol Kəlbəcər və Laçın rayonları arasında ikinci bağlantı olacaq. Dövlətimizin başçısı Kəlbəcər şəhərində Dövlət bayrağını ucaltdıqdan sonra etdiyi çıxışında işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun yenidən qurulması layihələrinin uğurla icra olunmasından məmnunluğunu bildirərək deyib: “Bizim sərhədlərə gedən 700 kilometr yolların çəkilişi prosesi gedir və artıq qış gələnə qədər bu işin təqribən 80 faizi görüləcək”.

İşğal dövründə Azərbaycanın təbii sərvətlərini talayan xarici şirkətlər buna görə cavab verəcəklər

İşğalçı Ermənistan üç onillik ərzində öz nəzarəti altında saxladığı ərazilərimizdə, həmçinin ekoloji terrora da əl atıb. Torpaqlarımız işğal altına düşməzdən əvvəl burada 6426 kilometr suvarma şəbəkəsi, 2 hidroqovşaq, 330 kilometr kollektor-drenaj şəbəkəsi, 8003 hidrotexniki qurğu, 88 nasos stansiyası, 1429 subartezian quyusu vardı. Ümumilikdə isə 125 min 800 hektar suvarılan torpaq sahəsi işğal altında qalmışdı. Mənfur düşmən ötən əsrin əvvəllərində zor gücünə öz nəzarəti altına keçirdiyi ərazilərimizin su ehtiyatlarından ölkəmizə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi. Belə ki, suya tələbatın artdğı yay aylarında sututarların, çayların bəndləri bağlanırdı. Beləliklə, keçmiş təmas xəttinə yaxın ərazilərdəki əkin sahələrini suvarmaq mümkün olmurdu. Qış aylarında isə düşmən başqa cür əməllərə əl atırdı – suya tələbat olmadığı halda bəndlər açılır və hektarlarla münbit torpaqlar su altında qalaraq şoranlaşırdı. Ermənilərin, xarici şirkətlərin əməllərinin nəticəsidir ki, hazırda Oxçuçay bir fəlakət mənbəyinə çevrilib. Vurğulamaq yerinə düşər ki, Vətən müharibəsində qazanılan şanlı Qələbə sayəsində iğaldan azad olunmuş ərazilərdə 2 milyard kubmetrdən artıq su ehtiyatından daha səmərəli istifadə etmək imkanı yaranıb. Hazırda işğaldan azad edilmiş bütün torpaqların su mənbələrinin xəritəsi hazırlanır.

Ermənilər işğal dövründə ölkəmizin meşə fonduna da ciddi ziyan vurublar. Bunu təsdiqləyən çoxlu sənədlər, o cümlədən də “Azərkosmos”un təqdim etdiyi fotolar var. Bu fotolarda aydın şəkildə görünür ki, bəhs olunan ərazilərdə işğaladək və işğaldan sonra nə qədər sahə meşələrin altındadır. Prezident İlham Əliyev bildirib ki, ağacla dolu olan 60 min hektara yaxın sahəni, meşə fondunu ermənilər dağıdıblar, yəni kəsiblər. Yeri gəlmişkən, Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında bildirilir ki, aparılmış araşdırmalarla Ermənistanın hərbi-siyasi rəhbərliyinin göstərişi ilə düşmən ölkənin silahlı qüvvələri tərəfindən növbəti dəfə barbarlıq nümayiş etdirilərək nadir flora və faunası olan Laçın rayonunda işğaldan azad olunmasından az müddət öncə qanunsuz olaraq 1818 ədəd müxtəlifcinsli, kökü üstdə çoxillik ağacların kəsilməsinə və bunun nəticəsində ölkəmizə 1 milyon 511 min 330 manat məbləğində maddi ziyanın vurulmasına əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 259.2.4-cü (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və digər maddələri ilə cinayət işi başlanıb.

Üç onilliyi əhatə edən işğal dövründə Ermənistan və bir sıra xarici şirkətlər, həmçinin Azərbaycan ərazilərində qanunsuz iqtisadi fəaliyyətlə məşğul olmaqla da təbii sərvətlərimizi talayıblar. O cümlədən Kəlbəcərdə Söyüdlüdə, Zəngilanda Vejnəlidə, başqa yerlərdə respublikamızın qızıl yataqları xarici şirkətlər tərəfindən istismar edilib. Bütün bu kimi cinayətləri törədənlər öz əməllərinə görə mütləq cavab verməlidirlər. “Ermənilər işğal dövründə, eyni zamanda, bizim təbii sərvətlərimizi də qanunsuz olaraq talan edirdilər. Bu işlərdə bəzi xarici şirkətlər onlara yardım edirdi. Bu şirkətlərin indi iki yolu var: ya bizə təzminat ödəyəcəklər, ya da ki, beynəlxalq məhkəməyə gedəcəklər”, – deyə Prezident İlham Əliyev bildirib.

Qeyd edək ki, artıq zamanında ölkəmizə qarşı ekoloji terror həyata keçirən xarici şirkətlərin cəzalandırılması istiqamətində hüquqi prosedurlara start verilib. Beynəlxalq məhkəmələrə təqdim olunacaq sənədlərin hazırlanmasına bütün dünyada tanınan hüquq şirkətləri də cəlb olunublar.