Füzulidə yeni tikilib istifadəyə verilmiş hava limanı və pistə enən ilk təyyarənin fotoları yayılıb. Gözəl mənzərədir. Sosial şəbəkələrdə bu fotoları paylaşıb, öz sevincini bildirən xeyli soydaşımız var. Bu görüntülər insanda təkcə sevinc yox, başqa emosiyalar da yaradır. Vətənin böyük uğurlarına baxıb, qürurlanmaya bilmirsən.
Bu fotoların yaratdığı bir hiss də var: ÜMİD! Qarabağdan ümidimizi üzdüyümüz zamanlar o qədər də uzaq tarix sayılmır. Kimsə inanmırdı ki, işğal altındakı torpaqlar belə tezliklə azad edilər. İndi müzəffər Azərbaycan Ordusunun düşmən işğalından azad etdiyi Füzulidə hava limanı istifadəyə verilib. O aeroportun pistinə ilk təyyarə enib.
Bir il öncəni xatırlayaq. Tovuz döyüşlərindən sonra azərbaycanlılar qəzəbli və narazı idilər. Düşmənin xain hücumu nəticəsində neçə şəhid vermişdik. Xalq öz dövlətindən tələb edirdi ki, Ermənistana layiqli cavab verilsin. Minlərlə insan küçələrə axışıb “Ali Baş Komandan, silah ver bizə” şüarları səsləndirirdi. Tovuzun Ağdam kəndindəki mənzərə hələ də yaddaşlardan silinməyib. Azərbaycanın müxtəlif bölgələrindən olan insanlar Ağdam kəndinə axın edib, düşmənə nifrət saçır, Ordumuza öz dəstəyini ifadə edirdi. Hər kəs silaha sarılıb torpaq uğrunda savaşa getmək istəyirdi. Könüllü ordu sıralarına yazılanların sayı günü-gündən artırdı. General Polad Həşimovun və silahdaşlarının şəhid olması Azərbaycan xalqını yerindən tərpətmişdi. Millət düşmənlə son və böyük hesablaşmaya hazır idi.
Ötən ilin bu günlərində kimsə desəydi ki, yaxın aylarda Şuşa daxil olmaqla işğal altındakı xeyli ərazimiz azad ediləcək, buna inananların sayı elə də çox olmazdı. Üstəlik, deyilsəydi ki, Füzulidə hava limanı inşa ediləcək, Zəngilanda, Laçında yeni aeroportların təməli qoyulacaq, Ağdam, Kəlbəcər, Laçın güllə atılmadan, itki vermədən geri qaytarılacaq, camaat bu fikirlərin müəllifinin ifrata vardığını düşünərdi.
Musavat.com