Əliyev Paşinyana hansı qadağaları qoyub?

Erməni deputatları açıqladılar

Ermənistanda müharibəsonrası situasiya ilə bağlı qızğın müzakirələr davam etməklə yanaşı, həmin məsələ ölkədaxili, eləcə də sosial-iqtisadi amillərə də öz təsirlərini göstərməkdədir. Xüsusilə, iqtidar-müxalifət tərəfdarları arasındakı qarşıdurmalar günü-gündən artmağa başlayıb. Belə ki, hər gün KİV-lərə çıxan hakimiyyət təmsilçiləri ilə müxalifətçilər yaşanan gerçəkliyə görə, yəni xəyanət və satqınçılıq məsələlərində bir-birlərinə qarşı davamlı ittihamlar yağdırmaqdadırlar.Buna misal olaraq 168 jam nəşrinin internet kanalında yayımlanan «Review» proqramında müxalifətçi parlamentarilər – “Ermənistan” bokunun deputatı Artur Xaçatryan və “Şərəf duyuram” fraksiyasından olan Anna Mkrtçyan baş nazir Nikol Paşinyanı hədəfə alaraq ona qarşı demək olar ki, hər cür ağır ittihamlar səsləndiriblər.
“Ermənistan” bokunun deputatı Artur Xaçatryan : “Əbəs deyil ki, siyasi hakimiyyət Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərinin mövcudluğunu etiraf və bəyan edib”
SİA xəbər verir ki, Paşinyanın artıq “məxməri” deyil, “polad inqilabı” iddiaları ilə bağlı verilən sualı cavablandıran deputat Xaçatryan hesab edir ki, baş nazir bu iddiası ilə onunla razılaşmayan rəqiblərini uzaqlaşdırır.“Paşinyan qanun arxasında gizlənərək siyasi repressiyalar həyata keçirir. Bütün bunların müqabilində Azərbaycan Ermənistanı güzəştə getməyə məcbur edir, bizimlə güc dilində danışır. Sünik (Zəngəzur) və Tavuş (Dilican) Ermənistanın ən həssas əraziləridir. Tavuşda müəyyən proseslər baş verir. Orada Rusiya blokpostlarının qurulması təsadüfi deyil və əbəs deyil ki, siyasi hakimiyyət Ermənistanın nəzarətində olan Azərbaycan ərazilərinin mövcudluğunu etiraf və bəyan edib. Daxili dirənişləri sındırmaq üüçün isə Paşinyan siyasi repressiyalara əl atır”, müxalifətçi erməni deputatı bildirib.Onun sözlərinə görə, mümkündür ki, Ermənistan Respublikası öz üzərinə müəyyən öhdəliklər götürüb, hansı ki, bu öhdəliklərin yerinə yetirilməsi üçün xarici təzyiqlər var.
“Əliyev Paşinyana deyir: əgər kişisənsə, indi get Qarabağa”
Jurnalist Xaçatryana sual edib ki, 44 günlük müharibədə Ermənistanın məğlubiyyətindən sonra Paşinyan nəyə görə bir dəfə də olsun Qarabağda olmayıb?
Onun cavabı kəsə olub: “Kim onu Qarabağa buraxacaq ki? Qulaq asın, Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan Qarabağa getdi və dərhal Azərbaycanın kəskin reaksiyası oldu. Bundan sonra Ermənistanın bir nəfər də olsun yüksək çinli məmuru Qarabağa getməyə cürət etmir”.Jurnalistin “Belə çıxış ki, İlham Əliyev buna icazə vermir?”, sualını da cavablandıran Xaçatryan cavab verib: “Bilmirəm. Ancaq Əliyev Paşinyana deyir: əgər kişisənsə, indi get Qarabağa. Bundan əlavə, axı Paşinyan Qarabağa hansı üzlə getsin. Bizə qalanda isə, hətta Ermənistan öz təhlükəsizliyini təmin etmək halında deyil”.
“Şərəf duyuram” fraksiyasının deputatı Anna Mkrtçyan: “Əliyev Paşinyana əmr edib ki, Qarabağla bağlı həyat səhifəsini bağlasın”
Deputat Xaçatryanla digər deputat Mkrtçyan da razıdır.“9 noyabrdan sonra bu hakimiyyəti tapmaq mümkün deyildi. Hamı qaçmışdı, gizlənməyə cəhd edirdilər, zənglərə cavab vermirdilər, çox sevdikləri sosial şəbəkələrdə yazmırdılar. Ancaq sonra onlar hüquq-mühafizə orqanlarını gücləndirməyə başladılar və insanları susmağa məcbur edə bildilər. İndiyə qədər kapitulyant Nikol Qarabağda olmaq üçün riskə getmədi, ona görə ki, Əliyev ona qadağa qoyub. O, Paşinyana əmr edib ki, Qarabağla bağlı həyat səhifəsini bağlasın”.Beləliklə, görünən budur ki, Ermənistanda ciddi böhran başlayıb. Bu isə tamamilə anladılacaq bir reallıqdır – əgər hakimiyyət və müxalifət bir-biri ilə ümumi dil tapa bilmirsə, eləcə də Azərbaycanla sülh arzulamırsa, bu zaman ölkədaxili situasiyanın müsbət məcraya dəyişəcəyini gözləməyin özü yumşaq desək, axmaqlıq olardı. Necə deyərlər, nə tökərsən aşına, o da çıxar qaşığına…

sia.az