İlham Əliyev Şuşada: “…biz yenidən nəfəs almağa başlamışıq”

Bazar ertəsi Şuşada uzun illərdən sonra yenidən Vaqif Poeziya Günləri keçirilib.

Poeziya günlərinə qatılan Azərbaycan Prezidenti İlham Əliyev şairin məqbərəsinin bərpa olunduğunu vurğulayıb və Şuşada işğaldan əvvəl keçirilmiş Vaqif Poeziya günlərini xatırlayıb:

“…təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra 1982-ci il iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi”.

İlham Əliyev deyib ki, o zaman atasının 59 yaşı var idi: “Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı və biz yenidən nəfəs almağa başlamışıq,”- o deyib.

18-ci əsrdə yaşamış şair Molla Pənah Vaqif həm də Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri olub.

Şuşa

İlham Əliyev Şuşanın bərpa işlərinin sürətlə getdiyindən, tezliklə yerli sakinlərin bura qayıda biləcəyindən danışıb.

Cənab Əliyevin sözlərinə görə, Şuşaya artıq yol çəkilib, magistral yol isə çəkilməkdədir. Bundan başqa Şuşanın elektrik təsərrüfatı bərpa edilib, buraya yüksəkgərginlikli xətlər Füzulidən çəkilib, yarımstansiya tikilib.

Hazırda şəhərdə üç Yuxarı Gövhərağa, Saatlı və Aşağı Gövhərağa məscidlərində təmir-bərpa işləri gedir.

İlham Əliyev bildirib ki, hazırda Şuşaya iki mənbədən su gəlir və burada “Xarıbülbül” oteli istifadəyə verilib, “Qarabağ” hoteli əsaslı təmirdən sonra fəaliyyətə başlayıb və yeni 150 otaqlı, beşulduzlu otel də tikiləcək.

“Mənfur düşmən həmin yerdə dırnaqarası “Dağlıq Qarabağ respublikası”nın qondarma parlamenti üçün bina inşa edirdi. O da bizə sataşmaq idi. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur. Artıq o binanın bünövrəsi qoyulmuşdu və daş işləri artıq tamamlanmışdı. Mənim göstərişimlə bu şeytan yuvası darmadağın edildi. Beşulduzlu otel gözəl yerdə inşa ediləcək,”- o deyib.

Şuşa 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Ötən ilin payızında başlamış 44 günlük müharibənin son günlərində azad edilib və Şuşanın azad edildiyi 8 noyabr günü ölkədə Zəfər Bayramı kimi təsis olunub.

Bu ilin mayında Şuşada “Xarıbülbül” festivalı da keçirilmişdi.

bbc.com/azeri