“De-fakto onlar artıq tanınıb”: dünya niyə “Taliban”la barışmalı olacaq…

Avropa Birliyi Əfqanıstanın yeni hökumətinin tanınması üçün şərtləri düşünür

İngiltərə və Fransa liderləri Boris Conson və Emmanuel Makron Əfqanıstanda “Taliban” hökumətinin tanınmasının şərtlərindən danışdılar. Ekspertlər deyirlər ki, əksər ölkələr taliblərlə iş qurmağın lazım olduğunu başa düşürlər, lakin heç kim birincilik məsuliyyətini üzərinə götürmək istəmir. Moderator.az gazeta.ru-nun yeni reallıqla çətin barışıqdan bəhs edən yazısını oxucularına təqdim edir.

Avropa Birliyinin xarici siyasət xidmətinin nümayəndəsi Peter Stano bildirib ki, xarici işlər nazirləri 2-3 sentyabr tarixlərində qeyri-rəsmi görüşdə Avropanın Əfqanıstana iqtisadi yardımının bərpa olunmasının mümkün şərtlərini müzakirə edəcəklər. Xüsusi tələblər arasında o, insan hüquqlarına hörmət edilməsinin vacibliyinə işarə edib.

Bundan əvvəl İngiltərənin baş naziri Boris Conson da “Taliban”ın diplomatik tanınmasından və bir sıra şərtlər yerinə yetiriləcəyi təqdirdə Əfqanıstana yardımın bərpa olunmasından söz açmışdı.

Hökumət başçısının sözlərinə görə, yeni hökumət ölkəni tərk etmək istəyənlərin təhlükəsizliyinə zəmanət verməli, qadınların hüquqlarına hörmətlə yanaşmalı və Əfqanıstanın yenidən “qlobal terrorizmin inkubatoruna” çevrilməsinin qarşısını almalıdır. Bu, Fransa prezidenti Emmanuel Makronun mövqeyi ilə demək olar ki, tamamilə üst-üstə düşdü.

Çinin xarici işlər naziri Van Yi də ABŞ dövlət katibi Entoni Blinkenlə söhbətində “Taliban”la əməkdaşlığın lehinə danışdı. Beləliklə, birincisi ABŞ-a Kabilə lazımi iqtisadi və humanitar yardımların alınmasında kömək etməyi tövsiyə etdi.

Gazeta.ru-ya açıqlama verən ekspertlər qeyd ediblər ki, əslində “Taliban” artıq siyasi tanınmağa malikdir, lakin diplomatik tanınma əldə etmək üçün hələ də bir sıra maneələrlə üzləşəcək.

Ali İqtisadiyyat Məktəbinin Dünya iqtisadiyyatı və beynəlxalq əlaqələr fakültəsinin dekanının birinci müavini İqor Kovalev qeyd edib ki, əksər ölkələr “Taliban”la hər halda əməkdaşlıq etmək lazım olduğunu başa düşürlər, çünki bu hərəkat Əfqanıstanın böyük hissəsinə nəzarət edir.

“Rəsmi tanınma “Taliban” tərəfindən törədiləcək terror təhlükəsinin nə qədər ciddi olduğuna bağlıdır. Diqqət yetirin, hətta Rusiya da onları tanımır, ancaq danışıqlar aparır – yəni bu faktiki bir etirafdır. London da danışıqlar aparacaq, ancaq bunun rəsmi tanınma olub-olmayacağını söyləmək hələ çətindir: əsas faktor terror təhlükəsi olacaq. Bununla yanaşı, qadın hüquqlarına hörmət haqqında danışmağın çox dəyərli olacağı şübhə doğurur. Axı belədə Böyük Britaniya Fars körfəzindəki monarxiyanı da tanımamalıdır”, – deyə ekspert ikili standartlara işarə edib.

Əfqanıstan Siyasətini Araşdırma Mərkəzinin rəhbəri Andrey Serenko gazeta.ru-ya verdiyi açıqlamada qeyd edib ki, müxtəlif şərtləri tənlikdən çıxarsaq, bir çox ölkələr “Taliban”ı tanımağa hazır olduqlarını nümayiş etdirirlər. Bu baş verərsə, növbəti addım Əfqanıstana beynəlxalq yardımın qarşısını açmaq ola bilər.

“De-fakto “Taliban” artıq tanınıb. İndi söhbət diplomatik tanınmadan gedir, bunda bir sürpriz elementi var. Və taliblərə bunun üçün nə lazım olduğuna dair ipucu artıq verilir. Amma hələlik heç kim bu istiqamətdə ilk addımı atmağa hazır deyil”, – deyə ekspert deyib.

İndiki vəziyyətdə əfqan terrorçuları ziddiyyətli mövqedədirlər – bir tərəfdən beynəlxalq tanınma və yardım naminə yumşaldılmış mənəviyyat nümayiş etdirməlidirlər. Digər tərəfdən, Serenkoya görə, şəriət qanunlarının birbaşa təsirini yaymaq baxımından öz prinsiplərindən kənara çıxa bilməzlər.

“Nəticədə “Taliban” şübhəsiz ki, onların eşitmək istədiklərini təqlid edəcək. Sadəcə ona görə ki, beynəlxalq yardım olmadan rejim indikindən daha sürətli çökə bilər. Əfqanıstanda insanlar yazın əvvəlindən bəri pul görmür, sadəcə, tükəniblər. “Taliban”ın çox vaxtı yoxdur, ən qısa zamanda tanınması lazımdır”, – deyə Serenko bildirib.

Əfqanıstan üzrə mütəxəssis “Taliban” hərəkatının Qətərdə siyasi ofisini açdığı 2017-ci ili islamçı hərəkatın tanınması prosesinin başlanğıc nöqtəsi kimi göstərir. 2020-ci ildə amerikalılarla sülh müqaviləsi bir mərhələ oldu, çünki “bu cür müqavilələr yalnız bərabər tərəfdaşlarla bağlanılır”.

Eyni zamanda ekspert Qərb ölkələrinin və Rusiya ilə Çinin fərqli tələblərinə işarə edir ki, onlar üçün qadınların və milli azlıqların hüquqlarına riayət etmək məsələsi ikinci dərəcəlidir. Serenkonun nöqteyi-nəzərindən, Rusiya ictimai rəyi Xarici İşlər Nazirliyinin rezonans doğuran açıqlamalarına baxmayaraq, “Taliban”ı hörmətli bir hüquqi qüvvə kimi tanımağa hazır deyil.

Analitikin fikrincə, Birləşmiş Ştatlar müttəfiq Böyük Britaniyanın səlahiyyətlilərindən daha sərt mövqe tuta bilər – məsələn, Vaşinqton ortaya çıxan problemlərin qisası olaraq BMT-də “Taliban” lehinə olan hər hansı bir qərarın qarşısını ala bilər.

Daha əvvəl Ali İqtisadiyyat Məktəbinin Hərtərəfli Avropa və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktor müavini Vasili Kaşin Çinin “Taliban”la diplomatik əlaqələr qurmaq üçün hər şey edəcəyinə, o cümlədən rejimin tanınması ehtimalına münasibət bildirmişdi. Eyni zamanda o, Pekinin yeni Əfqanıstan hökumətindən heç bir sevinc hiss etmədiyini, sadəcə, bölgədə sabitliyin pozulmasının qarşısını almaq istədiyini vurğulamışdı. Pakistan və İran üzrə mütəxəssislər də “Taliban”ın mümkün erkən tanınmasından danışıblar.

Tərcümə və təqdim etdi: Miraslan

Moderator.az