30 il az vaxt deyil. 30 ildə formalaşan fikir, psixologiya, nəsil dəyişimi və sairə istənilən steorotipləri dəyişdirir, bəzən dağıdır. 30 il idi düşmən bizim torpaqlarda özünə ikinci erməni dövləti qurururdu. Dünya tərəfindən tanınmasa da, de-fakto mövcud idi və İkinci Qarabağ müharibəsi başlayanadək düşmən böyük ümidlərlə – “Artsax Respublikası” qurduğuna inanırdı. Məğlub oldular, gələcəyə inamları qırılıb, amma iddialarında qalırlar, çünki hələ də bizim torpaqlarımızın bir hissəsinə nəzarət edirlər və 2 sentyabr 2021-də Xankəndində elan etdikləri respublikanın 30 illiyini qeyd etməyə toplaşmışdılar. Bu yubiley yas mərasiminə bənzəsə də, yenə də qeyd edildi… İrəvandan rəhbərlər gəlməsələr də, bir sürü deputatlar gəldi və hər biri təbrik çıxışlarında separatçılara ümid verdi, hətta xarici işlər nazirliyi rəsmi təbrik göndərib müstəqillik uğrunda mübarizənin davam etdiyini bildirdi. Son sözləri də bu oldu ki, təhlükəsizlik zolağını, Şuşanı, Hadrutu itirsələr də, nəzarət etdikləri Qarabağ torpaqlarında ikinci erməni dövlətini qurmaq planlarından əl çəkməyiblər. Səbəb həmin 30 ildir. Qlobal problemlərin zaman məsafəsi uzananda onun həlli də qloballaşır və belə problemlər kökündən həll olmayanda, uduzan və ya itirən tərəf mütləq yenidən dirçəlmək niyyətində olacaq, ona bu məqsədinə çatmaq üçün qərəzli tərəfdarlar da kömək edəcəklər. İkinci Qarabağ müharibəsindən keçən hər ay düşmənin batmış səsinin tədricən eşidilməsi ilə müşayət olunur. Nə sülh istəyirlər, nə də müharibə. Nə istəyirlər? Zamanın uzanmasını. O zaman kəsimi daha neçə il çəkəcək? Mayın 12-dən, yəni Qaragöl ətrafında başlanan sərhəd insidentindən sonra ermənilərin bir tələbi var – “ suveren Ermənistan ərazisindən çıxandan sonra..” sülh danışıqları apara bilərik. Bəs, Qarabağda təmas xətti deyilən yerdə dayanan Ermənistan Müdafiə nazirliyinin silahlı qüvvələri nə vaxt Azərbaycan ərazisini tərk edəcək? “Qarabağ müdafiə ordusu” kimi qondarma bir ada kim inanasıdır? Üçtərəfli razılaşmada öz əksini tapan bu tələb yerinə yetirilmir, amma bizi şübhəli sərhəd pozuntusunda ittiham edirlər. Ümumiyyətlə, Azərbaycan ərazisində erməni silahlı birləşmələri mövcud olduqca, biz niyə Ermənistanla sülh müqaviləsi bağlamalıyıq, niyə nəqliyyat infrastrukturunu onların üzünə açmalıyıq? Düşmənin son silahlı hərbçisi ölkə ərazisini tərk etməyincə sülhdən yox, müharibəyə hazırlaşmaqdan danışmaq lazımdır. Klassik deyimdə olduğu kimi –“ sülh istəyirsənsə müharibəyə hazır ol”. Yubiley təbriklərində həm İrəvan rəsmiləri, həm separatçı rejimin üzvləri birmənalı olaraq müstəqillik uğrunda mübarizənin davam etdiyini səsləndiriblər. Təbliğat olduğu anlaşılandır, amma reallıq da odur ki, o yerlərdə hələ bizim nəzarətimiz yoxdur və nə vaxt olacağı barədə rəsmi mövqe səslənməyib. Gorus-Qafan yolunun iki günlük tərəfimizdən bağlanması ermənilərdə soyuq duş effekti verdi, yəni bizim təzyiq imkanlarımızın tükənmədiyini başa düşdülər. Buna görə də bu gün Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan sərhədlərin delimitasiya və demarkasiyasına hazır olduqlarını və Bakının müsbət reaksiyasını gözlədiklərini mətbuata bildirib. Əvvəllər şərt irəli sürürdülər ki, Qarabağın statusu həll edilsin sonra sərhədlərin müəyyənləşməsinə baxarlar. Deməli, erməni adlanan düşmənin başının üstündən “qılıncı”, yəni təzyiqi əksik etmək lazım deyil. İndi sülh müqaviləsindən imtina edənə sabah “ silahlı qüvvələr Azərbaycan ərazisini tərk etməsə…” ultimatumunu verib növbəti təzyiqləri nümayiş etdirmək lazımdır, hətta hərbi əməliyyatların başlanması haqqını özümüzdə saxladığımızı da. İndi təsəvvür edin ki, qarşıdakı bir il ərzində heç nə dəyişmir, müharibədən sonra 10 aydır hansı proses gedibsə, daha bir il də davam edəcək. O zaman 2022- ci ilin 2 sentyabrına yasdan çıxmış erməninin Xankəndində təntənəli bayram tədbirinə hazırlaşa bilərik. Belə bir ildönümü düşmənə yaşatmamalıyıq. Moderator.az