“Ərdoğanla Putin arasında keçirilən görüş çox əhəmiyyətli bir görüş idi” POLİTOLOQ MÜNASİBƏT BİLDİRDİ

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında Soçidə keçirilən görüş çox əhəmiyyətli bir görüş idi. Çünki Türkiyə ilə Rusiya arasında son illər çox isti münasibətlər var. Dövlətlər arasında ticarət və iqtisadi münasibətlər çox yüksək səviyyədədir. Hərbi texniki əməkdaşlıq var və müxtəlif bölgələrdə sülhün və təhlükəsizliyin qorunması istiqamətində birgə fəaliyyət müşahidə olunur”. Bunu SİA-ya açıqlamasında politoloq İlyas Hüseynov bildirib.Onun sözlərinə görə, onların arasında fəaliyyət Qarabağda çox aydın şəkildə nəzərə çarpır: “Təkcə onu demək kifayətdir ki, Ağdamda Türkiyə-Rusiya birgə Monitorinq Mərkəzi həm yerdən, həm də havadan təhlükəsizliyin və sabitliyin qoruması istiqamətində birgə fəaliyyət həyata keçirirlər. Bu, çox önəmli bir xüsusdur, çünki Qafqazdakı təhlükəsizliyin və sülhün qorunması istiqamətində regionun ən güclü dövlətlərindən hesab olunan Rusiya və Türkiyə arasında birgə fəaliyyət var. Burada bizim üçün önəmli olan tərəf isə Qarabağda təhlükəsizliyin qorunmasıdır. Eyni zamanda, Rusiya ilə Türkiyə arasında əməkdaşlığın daha da dərinləşməsi, həm də Azərbaycanın xeyrinə işləyən məqamdır”.İlyas Hüseynov onu da bildirdi ki, Türkiyə-Rusiya arasında əməkdaşlığın dərinləşməsi istiqamətində rəsmi Bakı vaxtaşırı olaraq əvəzsiz xidmətlər göstərir: “Bizim maraqlarımız kontekstindədir ki, Şimal qonşumuz Rusiya ilə qardaş Türkiyə arasında ortaq nöqtələr tapılsın və bağlar formalaşdırılsın. Qarabağda həyata keçirilən birgə fəaliyyət təhlükəsizliyin qorunması ilə yanaşı, həm də eskalasiya risklərini minimallaşdırır. Müxtəlif qeyri-qanuni hərəkətlərin qarşısını almaq, Laçın dəhlizinə nəzarət etmək, erməni separatçılarının həmin ərazilərdən çıxarılmasını tam formada yekunlaşdırmaq, Zəngəzur dəhlizinin açılması bölgədəki iqtisadi prioritetlərin müəyyənləşdirilməsi üç üstəgəl üç platformasının tam mənasında icrası istiqamətində hər iki dövlət tərəfindən irəli sürülən təşəbbüslər çox təqdirəlayiqdir və Zəngəzur dəhlizi üzərindən həyata keçirilən ticari-iqtisadi münasibətlər ikitərəfli daha da yaxınlaşdıracaqdır. Burada Azərbaycanın geosiyasi və geostrateji əhəmiyyəti bir qədər də yüksələcəkdir”.

sia.az