Ermənilərin mina xəritələri ilə bağlı unikal məqam aşkarlandı…Prezident Əliyevin növbəti iki hədəfi…Aydın Quliyev yazır3
44 günlük müharibədən sonra ərazilərimizdə ermənilərin basdırdığı minalar və onların xəritələri ilə bağlı Ermənistanın siyasətində ziddiyyətli məsələlər bir-birini əvəz etməkdədir. İlk əvvəl ermənilər ümumən kütləvi mina basdırdıqlarını inkar edirdilər. Təkzibolunmaz faktlarla Ermənistanın boynuna qoya bildik ki, ərazilərimiz kütləvi minalıdır. Sonra ərazilərin mina xəritələri məsələsi ortaya çıxdı. Xatırlayırıq ki, uzun aylar Ermənistan mina xəritələri mövzusunu ümumən yaxına buraxmadılar. Hətta beynəlxalq hüquqa uyğun olaraq Ermənistanın mina xəritələrini verməyə borclu olduğunu da çətinliklə beynəlxalq müzakirə mövzusuna çevirə bildik. Bu dəfə isə ermənilərin mina xəritələri ilə bağlı spekulyasiya taktikası ilə üzləşdik. Əvvəlcə diplomatik kuluarlarda, sonra isə açıqca dedilər ki, xəritələr diversantlarla dəyişdirilməlidir. Beləliklə də Gürcüstanın və Rusiyanın vasitəçiliyi ilə bəzi rayonlara aid mina xəritələrinin müqabilində terrorçu ermənilərin bir qismi təhvil verildi. Bütün bu mərhələlərin bir-birinin ardınca uğurla keçilməsində Prezident İlham Əliyevin dəqiq yanaşmalarının həlledici olduğunu xüsusi demək lazımdır. Elə diversantların əvəzinə verilmiş xəritələrin ciddi problemli olduğunu da prezidentimiz ifşa etdi. Xarici media orqanlarına müsahibələrin birində açıqladı ki, ermənilərin verdiyi xəritələrin ancaq 25 faizi dəqiqdir. Məntiqi olaraq bildik ki, xəritələrin azı 75 faizi qeyri-dəqiqdir. İlk əvvəl geniş ictimai dairələr üçün mina xəritələrinin dəqiqlik və ya qeyri dəqiqlik mahiyyətinin nədən ibarət olduğu o qədər aydın olmasa da, Prezidentin EFE agentliyinə yenicə verdiyi müsahibə iki vacib hədəfi birdən vurdu. Belə ki, həm ən geniş ictimaiyyətimiz mina xəritələrində dəqiq və ya qeyri-dəqiq mətləblərin nədən ibarət olduğunu bildi, həm də Azərbaycan prezidenti ermənilərin növbəti oyununu beynəlxalq auditoriya üçün dəqiqliklə ifşa edərək göstərdi ki, Ermənistan sadəcə hansı ərazilərdə minaların olduğu barədə xəritələr verib, o da böyük ehtimalla natamamdır, əslində isə Azərbaycana minaların dəqiq harada basdırıldığını göstərən xəritələr verməlidir. Daha doğrusu, minalanmış ərazilərin yox, minaların özlərinin xəritəsi verilməlidir. Prezident çox haqlı və dərin məntiqlə beynəlxalq auditoriyaya dedi ki, biz ermənilərin hansı torpaqlarımızı minaladıqlarını yaxşı bilirik. Onların mina basdırmadıqları ərazi qalmayıb ki…Beləliklə, xəritələr mövzusunda Azərbaycan prezidenti beynəlxalq auditoriyaya əslində prinsipcə tam yeni mahiyyət təqdim etdi. Bu mahiyyət ondan ibarətdir ki, Ermənistan minaların basdırıldığı dəqiq koordinatları verməlidir. Yoxsa biz bilmirik ki, ermənilər Ağdama da, Füzuli və Zəngilana da və sair yerlərə saysız minalar basdırıblar?….
Prezident təqdim etdiyi yeni mahiyyətin nə demək olduğunu əla bilir. Bu o deməkdir ki, ermənilər minalı ərazilərin yox, minaların öz xəritələrini təhvil versə onların dəqiqlik nisbəti 25: 75 yox, yüzdə – yüz olacaq. Ehtimal etmək olar ki, Azərbaycan prezidentinin bu yeni yanaşması Ermənistan üçün yeni təzyiq müstəvisi yaradacaq və yaratmalıdır.
Təsəvvür edin ki, ermənilərin Ağdam üzrə ilk partiyada 97 min minaya aid olduğunu dedikləri xəritənin ancaq 25 faizi dəqiq imiş, yəni faktiki olaraq 65- 70 min minanın harada olduğunu kimsə bilmir. Demək, əgər Prezidentin dediyi kimi, minaların xəritəsi verilmiş olsaydı indi həmin 97 min minanın yüz faiz dəqiq koordinatları bizdə ola bilərdi. Həm də unutmayaq ki, minalandığı real bilinən 300 – ə yaxın yaşayış məntəqəmizdən söhbət gedir. Ermənilərin mina xəritələrinin əvəzində nə istəyəcəkləri hələ bilinmir. Lakin Azərbaycan prezidentinin EFE-yə müsahibəsində üzə çıxardığı unikal məqamın Ermənistanın manevr imkanlarını daha da sıxışdıracağı şübhəsizdir..
Aydın Quliyev
“Bakı Xəbər” qəzetinin Baş redaktoru