Ölkəmizdə güclü iqtisadi potensialın yaradılmasında, dövlətçiliyin möhkəmləndirilməsində, azad və demokratik cəmiyyət quruculuğunda görülən işlər Azərbaycanın iqtisadi qüdrətini və beynəlxalq nüfuzunu xeyli artırır.
Milli iqtisadi inkişaf strategiyasında mühüm rol oynayan vergi xidməti orqanlarında son illər vergi sisteminin təkmilləşdirilməsi, vergitutma bazasının genişləndirilməsi sahəsində əhəmiyyətli işlər görülüb. Azərbaycanın müasir vergi xidməti ölkənin iqtisadi qüdrətinin güclənməsi, nəhəng regional layihələrin həyata keçirilməsi işlərinə öz töhfəsini verməkdədir. Bu prosesdə hər bir vergi ödəyicisi yaxından iştirak edir. Amma prosesə heç də obyektiv olmayan mövqedən yanaşanlar da var. Bunlardan biri də , “Səhiyyə Hüquqları İnstitutu” İctimai Birliyinin sədri Elçin Novruzovdur.
Vergidən yayınan bu şəxs indi demokrat cildində Avropaya sığınıb. Halbuki, vergidən yayınmaqla o, faktiki olaraq cinayətə yol verib. İxtisasca stomatoloq bu insanın Yevlax şəhərində Cahangir Kərimov küçəsi 7 ünvanında diş kabineti olub. Amma bu kabinet heç də gigiyenik və sanitar qaydada fəaliyyət göstərməyib və bu səbəbdən diş kabineti bağlanıb. Bağlana zaman göstərilən çatışmazlığı aradan qaldırmaq əvəzinə Elçin Novruzov müvafiq qurumlara, Səhiyyə Nazirliyinə qara yaxmaqla məşğul olmağa üstünlük verib. İddia edir ki, keçən il “Səhiyyə Hüquqları İnstitutu” İctimai Birliyini təsis etməsi və sosial şəbəkələrdə səhiyyə sistemində olan neqativ halları deməsi ona qarşı bu addımların atılmasını şərtləndirib. Halbuki, onun iş yeri qətiyyən sanitar normalara cavab verməyib. Elə Avropaya sığındıqdan sonra bu qarayaxma kampaniyasının miqdarını daha da genişləndirib. Belə demək olarsa, bu insan obyektivlik hissini tam itirib və beləsindən Vətənə qarşı nə desən gözləmək olar. Amma belələrinin çirkin məqsədlərinə çatması mümkünsüzdür.