Bu gün AFFA İntizam Komitəsinin növbədənkənar iclası keçirilib.
Trend-in məlumatına görə, toplantı I Divizionda çıxış edən “Ağsu” klubunun bir neçə görüşündə qeydə alınmış şübhəli məqamlarla əlaqədar təşkil olunub. AFFA-nın nəzdində fəaliyyət göstərən danışılmış oyunlarla bağlı xüsusi komissiyanın və ekspertlərin apardığı araşdırmaya, həmçinin UEFA-dan AFFA-ya daxil olan məlumatlara əsasən, klubun futbolçuları Elçin Həşimov və Ruslan Mirzalıyevin nəticəsi manipulyasiya olunmuş oyunlarda iştirakı müəyyən edilib.
Komissiyanın və ekspertlərin rəyi, UEFA-nın məlumat və hesabatları nəzərə alınaraq hər iki şəxsin araşdırma başa çatana qədər futbolla bağlı bütün növ fəaliyyətlərinə qadağa qoyulub.
Qeyd edək ki, AFFA məsələ ilə əlaqədar müvafiq qaydada hüquq-mühafizə orqanlarına müraciət edəcək.