1300-dən çox namizədin qatıldığı, yüzlərlə beynəlxalq müşahidəçinin (on minlərlə yerli müşahidəçi də o cümlədən) izlədiyi növbədənkənar parlament seçkilərinin ilkin, rəsmi olmayan nəticələri artıq açıqlanıb. 125 seçki dairəsi üzrə qaliblər rəsmi olmasa da elan edilib, nəticədə 2 aydan çoxdur ölkədə hökm sürən seçki ehtirasları da səngiməyə doğru gedir. Hərçənd Mərkəzi Seçki Komissiyası pozuntular barədə şikayətləri araşdırmağa hələ indi başlayacaq (səsvermə günü belə şikayətlər ancaq şifahi formada daxil olurdu) və xəbərdarlıq edilib ki, təqdim edilmiş bütün faktlar, sosial şəbəkələrdə yayılmış görüntülər diqqətlə araşdırılacaq. Bu araşdırmaların nəticəsi olaraq kəskin addımların atılacağı MSK rəhbərliyi tərəfindən artıq açıqlanıb və gözləmək olar ki, hətta bəzi dairələr üzrə nəticələr ləğv ediləcək. MSK seçkilərin dürüstlüyünə kölgə sala biləcək hər hansı fakta diqqətlə yanaşacağını elan edib.
Əlbətdə, ideal seçkilər heç bir ölkədə mümkün deyil və xüsusən də parlament seçkiləri kimi 1300-dən çox namizədin yarışdığı indiki seçkilərdə pozuntular hər halda mövcuddur. Və MSK sonrakı bir neçə gün ərzində bu pozuntu faktlarının nəticələrə təsirini araşdıracaq və şübhə etməmək olar ki, hansısa dairədə nəticələri şübhə altına alacaq ölçülərdə pozuntular müəyyən edilsə günahkarların cəzalandırılması da daxil olmaqla lazım olan addımlar atılacaq. Bütün bunlar normal prosesdir və seçkilərin nəticələrinə dair mübahisələrin hələ bir müddət davam etməsi gözləniləndir.
Lakin ötən seçkilərdə olduğu kimi bu seçkilərdə də əsas diqqət beynəlxalq müşahidə missiyasının, əsasən də ATƏT-in “seçki polisi” funksiyasını üzərinə götürmüş Demokratk Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) hansı ilkin rəylə çıxış edəcəyinə yönəlmişdi. Çünki bir qayda olaraq məhz DTİHB Azərbaycanda indiyədək keçirilmiş seçkilərə dair ən sərt, tənqidi və bəzən nəticələrin legitimliyini də şübhə altına alan qərəzli rəylərlə çıxış edirdi. Buna baxmayaraq Azərbaycan hakimiyyəti fevralın 9-na təyin edilmiş seçkilərin müşahidəsi üçün DTİHB-ə dəvət göndərdi, üstəlik müşahidəçilərin sayı üçün heç bir məhdudiyyət də qoymadı. DTİHB missiyasının seçkiqabağı situasiyanı, o cümlədən səsvermə prosesini monitorinq etməsi üçün bütün imkanlar yaradıldı.
Beləliklə, bu gün fevralın 10-da ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT Parlament Assambleyası və Avropa Şurası Parlament Assambleyasının (AŞPA) nümayəndələrindən ibarət Beynəlxalq Seçki Müşahidə Missiyasının rəhbərləri işini başa vurub kameraların, obyektivlərin qarşısına keçdi. Onların seçkilərə dair ilkin rəyi artıq açıalanıb və geniş təfərrüatlara varmağa ehtiyac yoxdur. Əlbətdə, bu missiyadan tamamilə müsbət rəy gözləmək sadəlövhlük olardı və ATƏT-in “seçki polisləri” qeydə aldıqları ən xırda pozuntuları belə öz hesabatlarına daxil ediblər.
Amma hesabatda bir sıra müsbət məqamlar da var ki, onlara faktiki olaraq ATƏT müşahidəçilərinin Azərbaycandakı seçkilərə dair hesabatlarında ilk dəfə rast gəlinir.
Məsələn, beynəlxalq missiya indiki seçkilərdə çoxlu sayda namizədlərin qeydə alındığını vurğulayıb ki, bu da seçkilərin rəqabət şəraitində keçməsinin başlıca şərtidir. Qeyd etmək lazımdır ki, bütün əvvəlki parlament seçkilərində DTİHB missiyası namizədlərin qeydiyyatı prosesinə dair kəskin iradlar irəli sürürdü və bir çox namizədlərin qeydiyyatından imtina edilməsini seçkilərin ədalətliliyinə bəribaşdan kölgə salan məqam kimi vurğulayırdı. İndi isə namizədlərin qeydiyyatı mərhələsinə dair praktiki olaraq heç bir ciddi irad yoxdur! Axı hər dairə üzrə 10-12 namizədin yarışdığı halda belə iradı haradan, nəyə əsasən irəli sürmək olardı?!
Hesabatdakı digəq məqam: missiya namizədlərin qeydiyyatı prosesinin “inklüziv olduğunu”, 19 siyasi partiyanın öz namizədlərini irəli sürdüyünü bildirir.
Eləcə də hesabatda 90 minə yaxın yerli, 833 beynəlxalq müşahidəçinin qeydə alındığı vurğuulanır. Yəni istər yerli, istər beynəlxalq müşahidəçilərin qeydiyyatı üçün heç bir maneə olmayıb və bu da seçki prosesinin ciddi monitorinqini, nəticədə şəffaflığı təmin etmiş olub.
Habelə hesabata əsasən seçki administrasiyası resurslarla yaxşı təmin olunmuşdu və qısa vaxta baxmayaraq qanunla müəyyən edilmiş bütün müddətlərə riayət edib. MKS şəffaf surətdə işləmək üçün səylər göstərib və beynəlxalq müşahidəçilərə münasibətdə xoşməramlı davranıb. İclaslar müşahidəçilər və media üçün açıq olub. Qərarlar bir qayda olaraq həmrəyliklə qəbul ediliib və vaxtı-vaxtında sayta yerləşdirilirdi ki, buda şəffaflığı artırırıb.
Missiya şəffaflığın artırılması üçün seçki məntəqələrinə mindən çox müşahidə kamerasının yerləşdirilməsini də öz hesabatında vurğulayır.
Eyni zamanda qeyd olunur ki, çoxsaylı məcburi köçkünlərin ortaya çıxmasına səbəb olmuş Ermənistanla münaqişə ilə əlaqədar Azərbaycanın nəzarətindən tam və qismən kənar olan 10 seçki dairəsində seçkilər keçirilə bilməyib. Hərçənd məcburi köçkünlərin seçki hüquqlarının təmin edilməsi sahəsində mühüm işlər görülmüşdü.
Beynəlxalq Müşahidə Missiyasının ilkin rəyini seçkilərin nəticələrini şübhə altına ala bilmək üçün hərisliklə gözləyən müxalifət nümayəndələrinin gözləntilərinin əksinə olaraq mətbuat konfransı əvvəllər adət etdiyimiz aqressiyadan, Azərbaycanın ünvanına sərt bəyanatlardan uzaq şəraitdə keçdi. Mətbuat konfransında təkcə jurnalist Xədicə İsmayılova “emosiyaları artırmağa” can atdı, missiya rəhbərliyinə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin niyə dondurulmadığı haqda irad bildirdi.
Bu məsələyə ənənəvi olaraq Azərbaycana qarşı mövqeyi ilə tanınan Frank Şvabe münasibət bildirdi, üzv ölkənin nümayəndə heyətinin mandatının dondurulmasına skeptik yanaşdığını dedi. Xüsusilə də AŞPA-da Rusiya nümayəndə heyəti ilə yaşananlardan sonra onun daha da mürəkkəb olduğunu qeyd etdi. İsmayılova xeyli məyus oldu, axı üzv ölkənin nümayəndə heyətinin mandatının dondurulması onun gözlədiyi qədər sadə, hansısa qrupun istəyi ilə baş tutan məsələ deyilmiş…
Bir halda ki, missiya seçkilərdə nöqsanlar qeydə alıb, bəs niyə onun nəticələrinin legitim olmadığını elan etmir?
Mətbuat konfransında belə primitiv sual da səsləndirənlər tapıldı. Lakin ATƏT-in qısamüddətli müşahidə missiyasının rəhbəri Artur Gerasimov onları məyus etməli oldu, vurğuladı ki, legitimlik məsələsini yalnız Azərbaycan xalqı müəyyən edir. Ardınca
DTİHB-in müşahidə missiyasının rəhbəri Piter Teyler qeyd etdi ki, məsələ ümumiyyətlə onların mandatına aid deyil. “Biz seçki polisi deyilik və legitimlik barədə hökm vermirik, bizim missiyamız seçkilərin monitorinqindən ibarətdir”,-onlar belə bəyan etdilər.
Beləliklə, missiyanın bəyanatı və mətbuat konfransı ilə bağlı ümumiləşdirilmiş qənaətlər belədir :
– DTİHB-nun bu dəfəki dəyərləndirməsində prosedur-təşkilati, metodoloji yanaşma üstünlük təşkil edir. İddia edilən çatışmazlıqlar prosedur və təşkilatinöqteyi-nəzərdən qiymətləndirilir və seçkinin nəticələrinə təsir edə biləcək formada təqdim olunmur.
– Qeyd olunan çatışmazlıqlar yerli, məhəlli xarakter daşıyır, yəni seçkilərin nəticələrinə təsir göstərəcək miqyasda deyil.
– DTİHB-in seçkilərlə bağlı tənqidləri yalnız Azərbaycana münasibətdə özünü göstərmir. Müqayisə etdikdə, Qərbi Avropa ölkələrində bəzən daha kəskin problemlər müəyyən olunur.
– Azərbaycan hökumətinin beynəlxalq ictimaiyyətdən gizlədəcəyi, çəkinəcəyi bir problemi yoxdur və istənilən beynəlxalq təşkilatla konstruktiv əsasda əməkdaşlığa hazırdır.
Missiyanın Bakıda elan etdiyi ilkin hesabatı və keçirilən mətbuat konfransında verilmiş bəyanatları ötən seçkilərdə verilmiş bəyanatlarla müqayisə edəndə birmənalı şəkildə belə qənaət ortaya çıxır: beynəlxalq müşahidəçilər Azərbaycanda seçkilərin ədalətli, şəffaf keçirilməsi yönündə ciddi dəyişikiklərin şahidi olublar . Məsələn, ötən seçkilərdə ATƏT missiyasının seçkisonrası bəyanatları bir qayda olaraq “seçki prosesi ATƏT standartlarından və öhdəliklərindən tamamilə kənar olub” kimi sərt hökmlə başlayırdı. Nəticədə seçkilər sual altına alınırdı. İndiki hesabatda və bəyanatlarda isə belə hökm mövcud deyil!
O cümlədən hesabatda “seçkilərin üzərinə kölgə salır”, “sual doğurur” kimi hesabatlara da rast glinmir. Habelə missiya seçkilərin saxtalaşdırıldığına və qeyri-demokratik keçdiyinə dair heç bir ifadə işlətməyib, nəticədə seçkilərin legitim əsaslarını şübhə altına alacaq heç bir bəhanəyə rast gəlmək olmur.
Ümumiyyətlə hesabat siyasi mövqe bildirməkdən çəkinərək məhz prosedur və texniki məsələlərə, o cümlədən yerlərdə dairə seçki komissiyaları və məntəqələrdə qeyri-peşəkarlıq kimi məsələləri qabardır. O cümlədən səslərin sayılması və hesablanması prosesində qeydə alınmış pozuntuların nəticələrə təsir etdiyi heç yerdə göstərilmir.
Əslində bütün bu nöqsanlar və çatışmazlıqlar MSK özü tərəfindən də müəyyən olunub və tədbirlərin görüləcəyi qeyd olunub. Başqa sözlə, Beynəlxalq Müşahidə Missiyasının bu ilkin rəyi və missiya rəhbərlərinin verdikləri bəyanatlar Azərbaycanın hakimiyyətinin kəskin qınağa tuş gələcəyini səbrsizliklə gözləyən qüvvələri ciddi məyus etmiş olur. Deyəsən onlar bu dəfə beynəlxalq müşahidəçilərin rəylərini öz siyasi uğursuzluqlarını ört-basdır etmək üçün arqument kimi istifadə edə bilməyəcəklər.