Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi
avtomobil yolunun 7,5 kilometrliyindən Masazır dairəsinədək olan
hissəsinin yenidən qurulması çərçivəsində görülən işlərlə tanış olub.
Dövlət
başçısı “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi
olan Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil
yolunun 30 kilometrlik birinci hissəsinin açılışında da iştirak edib.
Qeyd
edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda son
illərdə mühüm sosial və iqtisadi əhəmiyyəti ilə seçilən infrastruktur
layihələri həyata keçirilir. Bunlar ümumilikdə ölkəmizin iqtisadi
potensialını möhkəmləndirir, əhalinin sosial vəziyyətinin daha da
yaxşılaşdırılması istiqamətində aparılan işlərə böyük töhfə verir.
Dövlətimizin başçısının sərəncam və tapşırıqlarına uyğun inşa olunan
Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil magistralı
yol infrastrukturu layihələrinin genişlənməsi, onların daha da
müasirləşdirilməsi istiqamətində atılan növbəti mühüm addımdır. Bu
layihə çərçivəsində yolun 7,5 kilometrliyindən Masazır dairəsinədək olan
hissəsinin yenidən qurulması başa çatıb.
Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh
Məmmədov işlərin icrası ilə bağlı dövlətimizin başçısına məlumat verdi.
Layihə çərçivəsində Xırdalan dairəsinin altından keçən avtomobil tuneli
genişləndirilib. Hər bir istiqamət üzrə əlavə tunellər inşa edilib.
Bundan başqa, yenidənqurma işləri zamanı Xırdalan dairəsinə qalxan və
düşən hissələrdə iki hərəkət zolaqlı yol inşa olunub. Görülən işlər bu
istiqamətdə yaranan tıxacların qarşısının alınmasında, avtomobillərin
hərəkətinin intensivliyinin, sürücülərin və sərnişinlərin
təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.
Layihəyə
uyğun olaraq Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil
yolunun Xırdalan dairəsi yaxınlığında yeni dəmir yolu körpüsü də
tikilib.
Qeyd edək ki, bundan əvvəlki körpünün
texniki göstəriciləri avtomobillərin normal və təhlükəsiz hərəkətinə
mane olurdu. Ona görə də həmin körpünün sökülərək əvəzində yeni, müasir
standartlara cavab verən körpünün inşası ilə bağlı qərar qəbul
edilmişdi. Layihənin icrası şəhərin bu hissəsində tıxacların qarşısının
alınmasında, qatarların hərəkətinin təhlükəsizliyində böyük rol
oynayacaq.
Prezident İlham Əliyev “Şimal-Cənub”
beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya
Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun Xızı rayonunun
Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 kilometrlik birinci
hissəsinin açılışında da iştirak edib.
Uzunluğu
150 kilometr olan yeni yol 4 hərəkət zolaqlıdır. Hazırda yeni
magistralın Şabran rayonunun Gəndob kəndi və Qusar rayonunun Samur
qəsəbəsi arasında yerləşən hissəsində tikinti yekunlaşmaq üzrədir. Yeni
istiqamət üzrə inşa edilən bu magistral avtomobil yolu əvvəlkindən 13
kilometr qısadır. Yolun qalan hissələrinin gələn ilin ikinci yarısında
yekunlaşdırılması planlaşdırılır. Yeni avtomagistrala Giləzi yaşayış
məntəqəsi, Siyəzən və Şabran rayonları, həmçinin Quba-Xaçmaz avtomobil
yolu ilə kəsişən ərazidən yol qovşaqları vasitəsilə daxil olmaq
mümkündür. Yeni magistral avtomobil yolundan istifadə üçün ödənişin hər
kilometr üçün yük və minik avtomobillərinə görə fərqli məbləğdə olması
nəzərdə tutulub. Bu yolun inşası beynəlxalq nəqliyyat əməkdaşlığı
baxımından strateji önəm daşıyan “Şimal-Cənub” beynəlxalq nəqliyyat
dəhlizinin səmərəliliyini daha da artıracaq. Yolun inşası Azərbaycanın
layihədə iştirak edən ölkələrlə iqtisadi əməkdaşlığının daha da
genişləndirilməsinə xidmət edəcək. Bundan başqa, yeni avtomobil yolunun
tikilməsi nəqliyyat xidmətlərini daha da yaxşılaşdırmaqla yanaşı,
bölgədə turizmin inkişafına əlavə təkan verəcək, dəhlizlə yük və
sərnişin daşımalarında əsas rol oynayacaq.