Ermənistan Azərbaycan qarşısında kapitulyasiyasını elan etmək məcburiyyətində qaldı.
APA-nın
məlumatına görə, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu
Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını
almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə
sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. Azərbaycan Ordusu
qısa müddətli zəfər yürüşündə inanılmaz uğurlar əldə etdi.
44
gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu
Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi,
Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonlarını, Xocavənd rayonunun
böyük hissəsini, Laçın rayonunun bir sıra kəndlərini işğaldan qurtardı.
Bu müddət ərzində ümumilikdə, 5 şəhər, 4 qəsəbə, 286 kənd, çoxsaylı
strateji yüksəkliklər işğaldan azad edildi.
Noyabrın
8-də isə 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət
kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edildi. Hərbi
ekspertlərin, elə ermənilərin özlərinin də dediyi kimi, “kim Şuşaya
nəzarət edirsə, Qarabağa da o nəzarət edir”. Azərbaycan Ordusu bu
missiyanın öhdəsindən layiqincə gəldi. Şuşa azad edildikdən dərhal sonra
– noyabrın 9-da Prezident İlham Əliyev 71 kəndin, bir qəsəbənin və 8
strateji yüksəkliyin işğaldan azad edildiyi barədə ölkə ictimaiyyətini
məlumatlandırdı Şuşanın işğaldan azad edilməsi Ermənistanı tam
tərk-silah etdi, onun bütün manevr imkanları çökdü, ölkə və dünya
ictimaiyyətini aldatmaq taktikası mənasını itirdi. Düşmənin ağ bayraq
qaldırmaq və kapitulyasiya etməkdən başqa çıxış yolu qalmadı. Dünya hərb
tarixi də göstərir ki, belə itkilərə məruz qalmış tərəf məğlub hesab
olunur, təslim olur və hərbi əməliyyatlar dayandırılır
Azərbaycan,
Rusiya prezidentləri və Ermənistanın Baş nazirinin birgə imzaladıqları
bəyanat mahiyyət etibarilə Ermənistanın kapitulyasiyasıdır. Döyüş
meydanında məğlubiyyətini dərk edən Ermənistan Prezident İlham Əliyevin
münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etdi və
kapitulyasiya şərtləri ilə razılaşmalı oldu. Prezident İlham Əliyev
dəfələrlə, o cümlədən BBC-yə son müsahibəsində də bəyan etmişdi ki,
Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürdüyü
halda, hərbi əməliyyatlar dayandırılacaq.
Haqqında
bəhs olunan birgə bəyanatda Ermənistan öz üzərinə öhdəlik götürür ki,
qarşıdan gələn 20 gün ərzində Azərbaycanın işğal altında olan Ağdam,
Kəlbəcər və Laçın rayonlarından qoşunlarını çıxaracaq. Nəticə etibarilə,
qarşıdan gələn qış mövsümündə qan tökülmədən, itki verilmədən ərazi
baxımdan böyük rayonlarımız da işğaldan azad olunur. Rusiya və Türkiyə
sülhməramlılarının əraziyə gəlməsi Ermənistan qoşunlarının Azərbaycanın
işğal olunmuş ərazilərindən çıxarılması ilə sinxron qaydada aparılır
Artıq
qoşunların təmas xətti anlayışı yoxdur. Atəşkəs hazırda Ermənistan və
Azərbaycan silahlı qüvvələrinin yerləşmə məntəqələri ilə müəyyən olunur.
Rusiya
və Türkiyə silahları qüvvələri sülhməramlı statusda məhdud kontingentlə
əraziyə yerləşdirilir. Sülhməramlıların yerləşmə müddəti 3 il müəyyən
olunur.
Prezident İlham Əliyev həmişə bəyan
edirdi ki, münaqişənin həlli prosesində Türkiyə də iştirak etməlidir.
Türkiyə həm də atəşkəs rejiminə nəzarət etmək üçün yaradılacaq birgə
monitorinq missiyasında da fəal yer alacaqdır. Türkiyə hərbçilərinin
prosesdə iştirakı ona dəlalət edir ki, Azərbaycanın maraqlarının
əleyhinə hər hansı addımın atılmasının qarşısı alınacaq.
Dövlət
başçısı da hər zaman bəyan edib ki, Azərbaycan mülki insanlarla
müharibə aparmır və Ermənistandan fərqli olaraq etnik təmizləmə həyata
keçirmək niyyətində deyil. Hərbi baxımdan Xankəndi və ətraf məntəqələrin
götürülməsi Azərbaycan Ordusu üçün heç də çətin deyildi. Erməni
propaqandası da bu məqamı gözləyirdi ki, Azərbaycanı etnik təmizləmə
törətməkdə günahlandırsın, ancaq buna nail ola bilmədi.
Azərbaycan
həmişə Dağlıq Qarabağda sülh şəraitində birgəyaşayışın mümkünlüyünü
bəyan etmişdi. Prezident İlham Əliyev dəfələrlə bəyan etmişdi ki,
dünyanın müxtəlif ölkələrində azərbaycanlılar və ermənilər bir yerdə
yaşayır və hər hansı xoşagəlməz hallar baş vermir. Buna görə də
Azərbaycan Dağlıq Qarabağda hər iki icmasının birgə yaşayışını həmişə
dəstəkləmişdi.
Ən mühüm amillərdən biri budur
ki, Bu proses çərçivəsində Naxçıvan da blokadadan azad olur. Rusiya
tərəfi Ermənistan ərazisi ilə Naxçıvan ilə dəhlizin yaradılmasını öz
üzərinə götürür.
Azərbaycanın atdığı
hərbi-siyasi addımlar nəticəsində özü haqqında məğlubedilməzlik mifi
yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın
edildi. Bundan sonra Ermənistan silahlı qüvvələrinə, dövlət olaraq
Ermənistana özünü bərpa etmək üçün illər lazım olacaq.
Azərbaycan
isə hərb tarixinə yenilik kimi düşən strategiya tətbiq edərək, ən
müasir silahlardan istifadə etməklə, habelə minimal itkilər verərək qısa
müddət ərzində düşmənin bütün hərbi texnikasını məhv etdi, canlı
qüvvəsinə ciddi zərbə vurdu. Azərbaycan Ordusunun yüksək peşəkarlıqla
apardığı işğaldan azadetmə əməliyyatı dünya üzrə müharibələrin
aparılması doktrinasında ciddi dəyişikliklərə səbəb olacaq. Yüksək
dağlıq şəraitdə həyata keçirilən Şuşanın azad edilməsi əməliyyatı
Azərbaycanın hərb tarixinin ən parlaq səhifəsidir.
Ermənistan
və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün
Azərbaycan diplomatik və siyasi təzyiqlər göstərildi. Prezident İlham
Əliyev qəti siyasi iradəsini nümayiş etdirdi, bütün təzyiqlərə mərdanə
şəkildə sinə gərərək onları dəf etdi, öz prinsipial mövqeyindən dönmədi.
Prezident İlham Əliyevin dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın
müsahibə dünya informasiya məkanında ölkəmizə qarşı olan hücumları
darmadağın etdi.
Ermənistanın və onun
havadarlarının işğala və tədricən Azərbaycan ərazilərinin ilhaqına
əsaslanan planları alt-üst oldu. Regionda Azərbaycanın maraqlarına cavab
verən yeni siyasi reallıq yarandı. Yekun nəticədə Azərbaycan
vətəndaşlarının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu.
Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı
bildiyini bir daha nümayiş etdirdi.
Bu qələbə
azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın inamını
özünə qaytardı. Bütün dünya gördü ki, Azərbaycan xalqı heç vaxt
məğlubiyyətlə barışmayacaq və gec-tez öz amalına qovuşacaqdır.
Prezident İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət,
güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olmasının ən
başlıca səbəbidir.