Noyabrın 11-də Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş
Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki
Tibbi Mərkəzdə müalicə olunan hərbçilərlə görüşüblər.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı görüşdə çıxış edib:
“Əziz
hərbçilər, Vətən Müharibəsi başa çatdı. Azərbaycan bu müharibədə parlaq
qələbə qazandı, torpaqlarımız işğaldan azad olundu, işğalçıları
torpaqlarımızdan qovmuşuq.
Mən gəlmişəm ki, bu
parlaq qələbə münasibətilə sizi şəxsən təbrik edim, sizə öz təşəkkürümü
bildirim, Azərbaycan xalqının təşəkkürünü bildirim ki, siz
qəhrəmancasına döyüşərək, düşmənin torpaqlarımızdan qovulmasında
müstəsna xidmətlər göstərmisiniz, yaralanmısınız, öz həyatınızı risk
altına atmısınız, böyük şücaət göstərmisiniz.
İkinci
Qarabağ müharibəsi tarixdə Azərbaycanın şanlı qələbəsi kimi qalacaq. Bu
qələbənin qazanılmasında bütün xalqımız birlik, həmrəylik göstərmişdir.
Atılan addımlar bütün bir məqsədi güdürdü ki, qısa müddət ərzində az
itkilərlə düşmənə elə sarsıdıcı zərbə vuraq ki, düşmən məcbur olub
torpaqlarımızdan çıxsın. Döyüş meydanında qazanılmış qələbələr siyasi
müstəvidə də qələbənin qazanılmasını şərtləndirdi.
Əgər
döyüş meydanında biz bu qələbəni qazanmasaydıq, inanmıram ki, işğalçı
qalan torpaqlardan çıxacaqdı. Necə ki, torpaqlarımızı 30 ilə yaxın
müxtəlif yollarla işğal altında saxlamağa can atan düşmən bu işğalı
əbədi etmək istəyirdi, biz danışıqlar yolu ilə də heç bir nəticə əldə
edə bilməzdik. Biz bu müharibəni şəhidlərimizin canı-qanı bahasına,
hərbçilərimizin rəşadəti hesabına, dövlətimizin siyasəti hesabına
qazanmışıq. Mən xahiş edirəm ki, Vətən müharibəsində şəhid olmuş bizim
bütün bacı-qardaşlarımızın xatirəsini yad edək, bir dəqiqə sükutla yad
edək.
Allah bütün şəhidlərimizə rəhmət eləsin! Allah sizə şəfa versin! Allah bütün yaralı əsgər və zabitlərimizə şəfa versin!
Bu
qələbə Azərbaycan tarixində əbədi qalacaqdır. Həm döyüş meydanında, həm
danışıqlar masası arxasında biz istədiyimizə nail ola bildik. Füzuli,
Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini hərbi güc hesabına azad
edə bilmişik. Bayrağımızı o torpaqlara sancmışıq, bayrağımızı
dalğalandırmışıq. Bu gün bütün dünya gördü ki, Azərbaycanın gücü nədən
ibarətdir. Həm siyasi sahədə, həm hərbi quruculuq sahəsində,
hərbçilərimizin peşəkarlığı sayəsində biz müharibənin ilk günlərindən
üstünlüyü əldə etdik və ardıcıllıqla bu son hədəfə qədər uğurla
irəliləmişik.
Döyüşlər şiddətli xarakter
almışdı, düşmən müqavimət göstərirdi. Bunu da hər kəs bilsin, bu 44 gün
ərzində əldə edilmiş qələbə bizim hərbçilərimizin peşəkarlığı,
qəhrəmanlığı hesabına qazanılıb. Düşmən işğal edilmiş torpaqlardan öz
xoşu ilə çıxmaq istəmirdi və siz – bu döyüşlərdə fəal iştirak edən
insanlar yaxşı bilirsiniz ki, 30 il ərzində hansı istehkamlar
qurmuşdular. O istehkamları yarıb keçmək, o müdafiə xətlərini dəf etmək
çox böyük qəhrəmanlıq və hərbi peşəkarlıq tələb edirdi. Bir də ki, o
bölgənin coğrafiyası özlüyündə bir istehkamdır. Şuşa alınmaz qala
sayılan bir şəhərdir. Pənahəli xan o şəhəri elə salmışdır ki, Şuşa
sakinlərini düşməndən maksimum dərəcədə mühafizə edə bilsin. Şuşanı bir
neçə gün ərzində az itkilərlə və şəhərə böyük zərər vurmadan almaq böyük
peşəkarlıq, rəşadət rəmzidir.
Düşmən 30 il bu
torpaqlarda hazırlıq işləri görüb. Bu hazırlıq işləri onu göstərir ki,
öz xoşu ilə torpaqlarımızdan çıxmaq istəmirdi. Əgər istəsəydi, bu
məsələlərə nə üçün bu qədər vəsait ayırırdı? Bu, onu göstərir ki, bütün
bu dövr ərzində – 30 ilə yaxın dövr ərzində düşmən sadəcə olaraq bizi
aldadırdı, vasitəçiləri aldadırdı ki, onlar bizim torpaqlarımızdan
çıxacaqlar. Bu, yalan idi və döyüş meydanında mövcud olan mənzərə bunu
təsdiqləyir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqların mənzərəsi
onu göstərdi ki, bu düşmən Azərbaycan xalqına nifrət hissi ilə yaşayıb,
əks təqdirdə, bütün binaların sökülməsinə nə ehtiyac var?
İşğaldan
azad edilmiş ərazilərimizin demək olar ki, 99 faizində bütün binalar
dağıdılıbdır – yaşayış binaları, məktəblər, xəstəxanalar, ictimai
binalar, tarixi abidələr, əcdadlarımızın qəbirləri, məscidlərimiz. İndi
biz bu görüntüləri yayırıq, mətbuatda hər kəs bunu görə bilər. Bu,
vəhşilikdir, vandallıqdır, bu, hərbi cinayətdir. Düşmən hərbi cinayət
törədib və artıq göstəriş verilib ki, dəymiş ziyanın hesablanması, onun
uçotu təmin edilsin. Artıq qruplar səfərbər edilib, beynəlxalq
ekspertlər dəvət ediləcək.
Beynəlxalq
ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanı
hesablanacaq və biz – həm insanlar fərdi qaydada, eyni zamanda,
mütəşəkkil qaydada düşməni beynəlxalq məhkəmələrə verəcəyik, onlar
təzminat ödəyəcəklər, öz çirkin əməllərinə cavab verəcəklər və cavab
verirlər.
Biz çalışırdıq ki, bu məsələ sülh
yolu ilə həll olunsun. O cümlədən, mən 17 il ərzində ölkə başçısı kimi
çalışırdım ki, məsələ sülh yolu ilə həll olunsun və bu məsələnin
uzanmasının əsas səbəbi də budur. Bir də beynəlxalq vasitəçilər bizi
inandırırdılar ki, bu məsələ sülh yolu ilə həll oluna bilər. Ancaq son
bir il ərzində gördük ki, bizi sadəcə olaraq aldadırlar, sülh prosesi
demək olar, iflic vəziyyətə düşmüşdü.
Ermənistanın
yeni rəhbərliyi qəbuledilməz, zərərli addımlar və ifadələrlə faktiki
olaraq danışıqlar prosesini məhv etmişdi və son aylar ərzində bunu heç
də gizlətmirdi. Nümayişkaranə elə addımlar atılırdı ki, həm bizə, həm
bütün dünyaya göstərsinlər ki, işğal edilmiş torpaqlar əbədi işğal
altında qalacaq. Onlar müxtəlif xəritələr dərc etmişdilər. Bu
xəritələrdə “Dağlıq Qarabağ Respublikası”nın sərhədlərini müəyyən
etmişdilər, o sərhədlərin içərisinə bütün işğal edilmiş torpaqlar da
daxil idi.
Onlar bizim tarixi şəhərlərimizin
adlarını dəyişdirmişdilər, yeni eybəcər adlar vermişdilər. Bütün
kəndlərimizin adlarını dəyişdirmişdilər. Tarixi-mədəni irsimizi silmək
istəyirdilər. Xaricdən erməniləri Şuşaya gətirib məskunlaşdırmaq
istəyirdilər. Yeni kommunikasiyaların, yolların çəkilişi nəticəsində o
məskunlaşmanı, xüsusilə Arazboyu yerləşən rayonlarda o məskunlaşmanı
sürətləndirmək istəyirdilər.
Xaricdə yaşayan
ermənilərin maliyyə və siyasi dəstəyi hesabına bir neçə ölkədə bəzi
bələdiyyələr artıq “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında
qərarlar qəbul etmişdilər. Bütün bunlar nəyi göstərir? Bütün bunlar onu
göstərir ki, onlar hesab edirdilər, bax, bu yollarla həm işğalı
qanuniləşdirəcəklər, həm də qondarma kriminal qurumun tanıdılması
istiqamətində uğurlar qazanacaqlar. Görəndə ki, bizi, sadəcə olaraq,
aldadırlar, bizi, müqəddəs yerlərimizi təhqir etməyə çalışırlar, biz
sözümüzü dedik və mən bunu gizlətmirdim. Bütün bu dövr ərzində – 17 il
ərzində demişdim ki, əgər bu məsələ sülh yolu ilə həll olunmasa, bunu
hərbi yolla həll edəcəyik.
Kim nə deyir-desin,
bu gün də eyni fikirdəyəm, eyni sözlərimi deyirəm. Bu 44 gün ərzində
mənə nə qədər zənglər oldu, nə qədər siqnallar göndərildi ki, dayanın,
dayanın. Deyirdim ki, şərt qoyuram düşmən qarşısında, çıxsın
torpaqlarımızdan biz dayanaq. Bəyanat versin ki, çıxıram, biz dayanaq.
Cədvəl versin, tarix versin, biz dayanaq. Amma düşmən hesab edirdi ki,
bizim uğurlu hücumumuzun qarşısını ala bilər.
Artıq
birinci həftələrdən sonra dərk etdilər ki, bizim qabağımızda dura
bilməyəcəklər. Ona görə beynəlxalq ictimaiyyətə daha fəal şəkildə
müraciət etməyə başladılar ki, beynəlxalq təşkilatlar, bəzi ölkələr bizi
dayandırsınlar. Mən isə deyirdim ki, heç kim bizi dayandıra bilməz,
sona qədər gedəcəyik. Paşinyan şərtlərimi qəbul etməli, bəyan etməlidir
ki, filan tarixdə filan rayonlardan çıxır və buna nail olduq.
Noyabrın
9-da imzalanmış birgə bəyanat faktiki olaraq Ermənistan sülh
kapitulyasiya aktı idi. Necə ki, vaxtilə İkinci Dünya müharibəsi başa
çatandan sonra Hitlerin əlaltıları müttəfiq ölkələrin hərbi
rəhbərlərinin qarşısında kapitulyasiya aktını imzalamışlar, mən də
deyirdim ki, eyni qaydada Paşinyan canlı formatda, videokonfrans
şəklində kapitulyasiya aktını imzalamalıdır. Amma açığını deyim, ondan
sonra Rusiya Prezidenti Vladimir Putin məndən xahiş etdi ki, mən bu
məsələdə çox da təkid etməyim.
Mən hesab etdim
ki, onsuz da Paşinyan kifayət qədər alçaldıldı, öz çirkin əməllərinə
görə cəzalandırıldı, faktiki olaraq diz çökdü, mənim bütün şərtlərimi
qəbul etdi. İmzalanmış bəyanatda Ağdam, Laçın, Kəlbəcər rayonlarından
işğalçı qüvvələrin çıxarılmasının cədvəli də təsdiq olundu. Dedim etiraz
etmirəm.
Dedim getsin harada istəyir
imzalasın, qaranlıq bir otaqda, bir anbarda, kameralardan uzaq bir yerdə
imzalasın. Belə də oldu. Mənim və Prezident Putinin imzalanma
mərasimini bütün Azərbaycan xalqı gördü. Paşinyan, sən harada
imzalamısan bu sənədi? O qədər də əhəmiyyətli deyil. Çünki indi onu
tapmaq mümkün deyil. Heç kim də soruşa bilməz, ay Paşinyan, sən bunu
harada imzalamısan?
Biz bir daha gücümüzü
göstərdik, xalqımızın birliyini göstərdik. Göstərdik ki, heç bir qüvvə
bizim qabağımızda dura bilməz, heç bir qüvvə bizi haqq yolumuzdan
döndərə bilməz. Bu tarixi missiyanı siz icra etmisiniz – Azərbaycan
əsgəri, Azərbaycan giziri, Azərbaycan zabiti icra edib. Əlbəttə ki,
bizim güclü ordumuz var, texniki təchizat da yüksək səviyyədədir. Bütün
dünya gördü ki, biz hansı texniki imkanlardan istifadə edirik.
Onu
da deyə bilərəm ki, bu gün bizim əldə etdiyimiz qələbə və apardığımız
hərbi əməliyyatlar həm texniki imkanlar baxımından, eyni zamanda,
operativ addımlar, əməliyyatların hazırlanması və icra edilməsi
baxımından bütün dünyada öyrənilir. Bu, yeni nəsil müharibə üsuludur,
hansı ki, planlaşdırma, texniki təchizat, texnologiyaların tətbiqi,
əməliyyatların düzgün planlaşdırılması və həyata keçirilməsi,
hərbçilərimizin döyüş qabiliyyəti və mənəvi ruh birləşir, vəhdət təşkil
edir. Ancaq mən bunu artıq bir neçə dəfə demişəm, bu qələbəni qazanan
bizim texniki vasitələr yox, əsgər və zabitlərimizdir.
Onlar
torpağımızı düşməndən qarış-qarış azad edə-edə bu Qələbəni, bu Zəfəri
xalqımıza nəsib etdilər. Ona görə bu qələbənin birinci qəhrəmanı
Azərbaycan əsgəridir, Azərbaycan zabitidir və hər kəs bunu bilməlidir.
Biz sübut etdik ki, biz böyük xalqıq. Biz sübut etdik ki, biz həmrəylik
göstəririk, birlik göstəririk və bu birlik onsuz da cəmiyyətdə var idi.
Ancaq bu zəfərdən sonra bu, daha da yüksək səviyyəyə qalxdı.
Bu
birlik bizə imkan verəcək ki, işğaldan azad edilmiş torpaqlara yenidən
həyat qaytaraq, məcburi köçkünlərimizi o yerlərə maksimum qısa müddət
ərzində qaytaraq. Qarabağ bölgəsi, gözəl tarixi diyarımız sanki yenidən
doğulacaq, yenidən canlanacaq, dirçələcək. Azərbaycanın ayrılmaz hissəsi
və ən gözəl güşələrindən biri olan Qarabağ əsl cənnət məkanına
çevriləcəkdir.
Xalqımızın duyğularını təsəvvür
etmək çətin deyil. Mən bu dönəmdə hər gün minlərlə məktub alıram.
Sevinclə dolu, minnətdarlıqla dolu, qürur hissi ilə dolu məktublar məni
doğrudan da çox duyğulandırır. Bu gün bizim televiziya kanallarımız,
internet saytlarımız uzun illər məcburi köçkün həyatı yaşamış insanları,
onların duyğularını, onların sözlərini ictimaiyyətə təqdim edəndə
onların ən çox sevdiyi və dediyi ifadəni mən bildirmək istəyirəm. Deyir
ki, artıq mən qaçqın deyiləm. Bilirsiniz bu, nə deməkdir?
Bu,
bəlkə də ən xoşbəxt anların təzahürüdür, həm bu insanların həyatında,
həm bizim hamımızın həyatında və mənim həyatımda. Deyir ki, mən artıq
köçkün, qaçqın deyiləm. Onlar bu daşı öz ətəyindən tökmək istəyirdilər.
Onlar mənfur düşmən tərəfindən bizə yapışdırılmış belə bir ifadədən öz
canlarını qurtarmaq istəyirdilər və bu gün gəldi.
Əziz
keçmiş köçkünlər, siz artıq köçkün deyilsiniz. Mən onlara bizim bu
qəhrəman əsgər və zabitlərimizin hüzurunda müraciət edərək deyirəm: Siz
köçkün deyilsiniz, siz qayıdırsınız. Biz sizi qaytaracağıq. Bax, burada
oturanlar, bizim minlərlə əsgər və zabitlərimiz sizi öz doğma dədə-baba
torpaqlarınıza qaytarırlar.
Biz Azərbaycan
dövləti isə əlimizdən gələni edəcəyik ki, sizi tezliklə qaytaraq. İlk
növbədə, əlbəttə, təhlükəsizlik tədbirləri görülməlidir. Mənfur düşmən o
bölgələrdə demək olar ki, hər yerə minalar döşəyib. İndi minalardan
təmizləmə prosesi getməlidir. Biz indi beynəlxalq təşkilatları da cəlb
edəcəyik. Çünki qısa müddət ərzində bunu etmək üçün bizdə daxili
imkanlar məhduddur. İlk növbədə, təhlükəsizlik, ondan sonra
infrastruktur, ondan sonra bütün başqa bərpa məsələləri öz həllini
tapacaq.
Eyni zamanda, bildiyiniz kimi, bu 44
gün ərzində düşmən öz məğlubiyyətinin acısını mülki vətəndaşlardan
çıxarmaq istəyirdi. Bunun nəticəsində 93 mülki şəxs həlak oldu, 400-dən
çox mülki şəxs yaralandı, 3 mindən çox bina ya dağıldı, yandı, ya da ki,
ziyan gördü. Mən artıq göstəriş vermişəm, bölgələrə qruplar göndərilir,
vurulmuş ziyan hesablanır. Dağılmış bütün evlərin hamısı dövlət
hesabına yenidən tikiləcək, zərər görmüş bütün evlər dövlət tərəfindən
bərpa ediləcək. Vətəndaşlarımızın itirilmiş mülkiyyəti bərpa ediləcək,
itirilmiş ev heyvanları vətəndaşlara veriləcək.
Yəni,
bizim vətəndaşlarımız tam əmin ola bilərlər ki, onların itirilmiş bütün
mülkiyyəti bərpa ediləcək. Mən söz verirəm ki, onlar üçün tikiləcək
evlər, əvvəlki evlərdən daha yaxşı olacaq, daha keyfiyyətli olacaq, daha
geniş olacaq. Biz bunu edəcəyik. Bizim üçün xalqımızın rifahı,
təhlükəsizliyi birinci məsələdir. Ancaq bu dövr ərzində mənim üçün ondan
da vacib məsələ torpaqlarımızın qaytarılması idi, ərazi bütövlüyümüzün
bərpası idi, bayrağımızın Şuşada ucaldılması idi, işğal altında olan
bütün başqa torpaqlarda bayrağımızın qaldırılması idi. Buna nail olduq!
Biz
tarixi anlar yaşayırıq. Görürsünüz ki, küçələrdə insanlar bu bayramı
necə qeyd edirlər. Bu bayramı bütün Azərbaycan qeyd edir, bütün dünya
azərbaycanlıları qeyd edirlər. Bu bayram qardaş Türkiyədə bizdəki kimi
qeyd olunur. Bu təbiidir. Çünki biz bir millət, iki dövlətik. Bu günlər
ərzində əziz Qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana
dəfələrlə öz təşəkkürümü bildirmişəm. Dünən də telefonla danışmışıq.
Yenə
də təşəkkürümü bildirdim. Türkiyənin siyasi və mənəvi dəstəyi bu
Qələbənin qazanılmasında çox böyük rol oynamışdır. Çünki Prezidentin,
Qardaşımın ilk saatlardan dediyi “Azərbaycan tək deyil, Türkiyə onun
yanındadır” sözləri bir çoxlarının bu münaqişəyə müdaxilə cəhdlərini
alt-üst etdi. Bütün bu dövr ərzində həm Prezident, həm nazirlər,
vəzifəli şəxslər daim bizə öz dəstəyini ifadə etmişlər. Görürsünüz, nə
qədər heyətlər gəlir. Demək olar ki, hər həftə Türkiyədən bir neçə heyət
gəlir. Türkiyədən bizə dəstək və həmrəylik nümayişi Azərbaycan xalqı
tərəfindən yüksək qiymətləndirilir.
İndi
həyatımızda yeni dövr başlayır. Bu dövr ölkəmizin xoşbəxt gələcəyini
təmin edəcək. Sizin həyatınızda yeni dövr başlayır. Siz yaralanmısınız.
Amma bilin ki, biz sizi sağaldacağıq. Ən ağır yaralanmış hərbçilərimizi
həyata qaytaracağıq. Bizim həkimlərimiz indi gecə-gündüz çalışırlar.
Bundan sonra da normal həyata qayıtmaq üçün bütün lazımı tədbirlər
görüləcək. Bilirsiniz ki, Birinci Qarabağ müharibəsində əlini, qolunu,
ayağını itirmiş hərbçilərimiz üçün Mehriban xanımın şəxsi təşəbbüsü və
nəzarəti altında müasir protezlər gətirilir.
O
protezlər ki, insanlar o protezlərdən istifadə edib futbol da oynaya
bilərlər. Bütün bunlar təmin ediləcək. Siz əmin ola bilərsiniz. Sizin
gələcək həyatınızla bağlı mən bəri başdan bütün dövlət qurumlarına, özəl
şirkətlərə müraciət edirəm, bildirirəm ki, hərbçilərimizi, qəhrəmanlıq
göstərmiş, yaralanmış hərbçilərimizi işlə təmin etmək üçün xüsusi
addımlar atılacaqdır. Biz bunu daim nəzərə alacağıq.
Şəhid
ailələrinin problemləri öz həllini tapacaq. Biz növbədə dayanan əksər
şəhid ailələrimizin məişət problemlərini demək olar ki, həll etdik. Bu
il 1500 şəhid ailəsi dövlət tərəfindən evlərlə, mənzillərlə təmin
ediləcək. Bu gün buradan bizim bütün aidiyyəti qurumlarımıza göstəriş
verirəm ki, İkinci Qarabağ müharibəsində, Vətən müharibəsi
adlandırdığımız müharibədə şəhid olmuş insanların yaxınlarına qısa
müddət ərzində həm maddi dəstək göstərilməlidir, eyni zamanda, indi
onların uçotu aparılır. Dəqiq uçot aparılandan sonra onlara mənzillərin,
evlərin verilməsi təmin ediləcəkdir.
Mən bütün
bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa
cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm. Artıq
müvafiq göstəriş verilibdir. Mən artıq göstəriş vermişəm və sizin
qarşınızda bunu bəyan etmək istəyirəm ki, Azərbaycanda yeni ordenlər və
medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə
və mülki şəxslərə bu orden və medallar veriləcək.
Bu
orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu
adlar da sizin xoşunuza, Azərbaycan xalqının xoşuna gələcək. Göstəriş
vermişəm ki, düşmənin qənimət götürülmüş hərbi texnikası Bakıya
gətirilsin. Tapşırmışam ki, yer seçilsin, o texnikanı biz nümayiş
etdirəcəyik. Bütün Azərbaycan xalqı gedib görəcək ki, biz nəyi əldə
etmişik. Məhv edilmiş bəzi texnika elə vəziyyətdədir ki, indi onu
gətirmək mümkün deyil. Amma bu məlumatı mən ardıcıl şəkildə xalqımıza
təqdim edirdim ki, biz düşmənin nə qədər texnikasını məhv etdik. Faktiki
olaraq onların ordusunda texnika qalmadı, ordusu demək olar ki, yoxdur.
Özləri
də bunu etiraf ediblər. Özləri də etiraf edirdilər ki, Azərbaycan
onlara qalib gəldi. Yəni, qənimət götürülmüş o hərbi texnikanı nümayiş
etdirəcəyik. Planlarım çoxdur. İnşallah, hamısını icra edəcəyik. Bu
tarixi Qələbəmizi hüquqi müstəvidə, siyasi müstəvidə daha da
möhkəmləndirəcəyik. Bundan sonra vətəndaşlarımız rahat yaşayacaqlar, öz
doğma torpağına qayıdacaqlar. Azərbaycan sizin sayənizdə yeni bir dövrə
qədəm qoyacaq.
Ona görə bu gün, müharibə başa
çatandan dərhal sonra gəlmişəm ki, sizə öz hörmətimi ifadə edim. Sizin
valideynlərinizə öz təşəkkürümü bildirim ki, dövlət üçün belə qəhrəman
övladlar yetişdiriblər.
Gəlmişəm ki, sizə
şəxsən öz təşəkkürümü bildirim, sizi təbrik edim. Mənim birinci təbrik
etdiyim insanlar sizsiniz və sizin simanızda bizim bütün qəhrəman
döyüşçülərimizdir. Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə
olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz
gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar. Bir daha sizi
təbik edirəm, tezliklə sağalın, adi həyata qayıdın. Qarabağ bizimdir,
Qarabağ Azərbaycandır!”
Baş leytenant Mail
Əsgərov: “Həqiqi hərbi xidmətimi ehtiyatda olan zabit kimi başa
vurmuşdum və ehtiyata buraxılmışdım. Sizin əmrinizlə qismən səfərbərlik
elan olunanda mən də yenidən hərbi xidmətə, ordu sıralarına qayıtdım və
düşmənlə Füzuli rayonu istiqamətində vuruşduq, orada da yaralandım. Çox
fəxarət hissi keçirirəm ki, döyüş yoldaşlarım mənim missiyamı yarımçıq
qoymadılar, qələbə çaldılar.
Yaralanandan sonra
müalicə aldığım xəstəxanada Sizin torpaqlarımızın işğaldan azad
olunması ilə bağlı etdiyiniz çıxışları böyük səbirsizliklə gözləyirdik. O
çıxışların içində bizim üçün əhəmiyyət kəsb edən çıxışlardan biri də
Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərində üçrəngli bayrağın
dalğalanması xəbərini eşitmək arzusu idi. Onu da Siz bizə nəsib etdiniz.
Ona görə Sizə xüsusi təşəkkürümü bildirəm.
Siz
ötən çıxışınızda, daha doğrusu, son çıxışınızda xalqa müraciətlə
dediniz ki, biz dəmir yumruq olaraq düşmənə qalib gəldik. Mən bunu belə
xarakterizə edərdim ki, bu dəmir yumruq həm xalqımızın birliyi,
xalqımızın vəhdəti, ordumuzun gücü və xüsusən qeyd etmək istəyirəm ki,
xalqın Sizə olan böyük inamıdır. Yəni, xalqın içində olaraq bunu mən
deyirəm, xalqın Sizə olan böyük inamıdır. Bu, qələbəni təmin etdi. Biz o
yumruqla düşməni əzdik.
Bu Qələbəni, bu
sevinci, bu qalibiyyəti bizə yaşatdığınız üçün Sizə sonsuz təşəkkürümüzü
bildiririk. Fürsətdən istifadə edib Qələbəyə görə Sizi təbrik edirəm və
Mehriban xanım, Sizi təbrik edirəm. Çox sağ olun”.
Prezident
İlham Əliyev: “Çox sağ olun. Biz bu Qələbəni çoxdan gözləyirdik. Bizim
xalqımız bu Qələbəyə layiqdir. Bizim xalq qalib xalqdır. Sağ olun,
uşaqlar”.