Azərbaycan prezidenti
İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Rusiya
prezidenti Vladimir Putinin vasitəçiliyi ilə yanvarın 11-də görüşün
gözlənildiyi məlumdur. Hələlik bu görüşün baş tutacağı rəsmən
təsdiqlənməyib və elan edilməyib, bununla belə Rusiya tərəfinin
vasitəçiliyi ilə üçtərəfli danışıqlara hazırlıqların getdiyi müşahidə
olunmaqdadır.
Prezident İlham Əliyev
Nazirlər Kabinetinin iclasında çıxışı zamanı Rusiyanın vasitəçiliyi ilə
Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması
istiqamətində addımların atıldığını deyib. Deyib ki, son günlərdə
Azərbaycana və Ermənistana səfər etmiş Rusiya nümayəndələri ilə
danışıqlar əsasən bu barədə aparılıb.
Paşinyan
isə bir neçə gün əvvəl koronavirusa görə özünü təcrid edib və belə
ehtimallar yaranıb ki, əslində o, Moskvaya getməmək üçün belə edib.
Lakin erməni mənbələri iddia edirlər ki, Rusiyadan gələn nümayəndələr
Paşinyandan və onu Moskvaya səfərdə müşaiyət edəcək şəxslərdən
koronavirusa dair analzlər götürüblər. Onlar səfərə qədər təcrid
vəziyyətində qalacaqlar.
Zham.am adlı erməni
saytı isə özünün “Rusiyadakı mənbələrinə” istinadən yanvarın 11-də baş
tutacağı gözlənilən görüşdə İlham Əliyevin Nikol Paşinyan qarşısında 8
tələb qoyacağını iddia edir. Və həmin tələbləri sadalayır:–
Əliyev Paşinyandan tələb edəcək ki, Minsk Qrupunun buraxılmasına
razılaşsın. Onun yerində üçtərəfli (Rusiya, Ermənistan və Azərbaycan) və
ya dördtərəfli (Rusiya, Türkiyə, Azərbaycan və Ermənistan) danışıqlar
formatı yaradılmalıdır.– Əliyev
tələb edəcək ki, Paşinyan bir daha Dağlıq Qarabağın statusu məsələsini
qaldırmasın, çünki Azərbaycan bu məsələni həll edib və ermənilər ən
uzağı Azərbaycanın tərkibində mədəni muxtariyyətə ümid edə bilərlər.
Hansı ki, burada Dağlıq Qarabağ heç ayrıca inzibati ərazi vahidi də
olmayacaq.– Əliyev Paşinyandan
tələb edəcək ki, Ermənistandan rəsmi şəxslərin Qarabağa səfərləri
dayandırılsın. Əliyevin sözlərinə görə, belə səfərlər ancaq rəsmi Bakı
ilə razılaşdırılmış şəkildə mümkün ola bilər. Azərbaycanın icazəsi
olmadan ora ancaq fərdi səfərlər, o cümlədən humanitar xarakterli
səfərlər mümkündür.–
Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyən edilməsi prosesində
daha 16 kənd Azərbaycanın nəzarətinə qaytarılmalıdır və bu proses
yanvarın 11-də xüsusi razılaşmanın imzalanması ilə
möhkəmləndirilməlidir. Delimitasiya və demarkasiya məsələləri isə daha
sonra, ikitərəfli komissiyanın işinin gedişində həll edilməlidir.
–
Dağlıq Qarabağda hərbi xidmətə çağırış həyata keçirilməməlidir. Dağlıq
Qarabağın öz ordusu olmamalıdır. Dağlıq Qarabağda ancaq yerli polis
qüvvələri, habelə müvəqqəti olaraq “milli qvardiya” ola bilər. Hansı ki,
o, 5-10 il sonra buraxılmalıdır. Çünki Dağlıq Qarabağın azərbaycanın
tərkibində hər hansı status malik olması mümkün deyil.–
Ermənistan Azərbaycanla Naxçıvan muxtar respublikası arasında
kommunikasiyaları açmalıdır, bu kommunikasiyalar Rusiya
sülhməramlılarının nəzarətində olmalıdır. Çünki Ermənistanla Dağlıq
Qarabağ arasındakı Laçın dəhlizinə Rusiya sülhməramlıları nəzarət edir.– Əliyev Ermənistanda “revanşist qüvvələrin” fəaliyyətinin və “revanşist təbliğatın” dayandırılmasını tələb edəcək.–
Əliyev tələb edəcək ki, 10 noyabr razılaşmasından sonra tutulan
ermənilərin heç biri hərbi əsir statusuna malik ola bilməz. Onlar hərbi
diversantlar kimi Azərbaycan məhkəmələri tərəfindən mühakimə
edilməlidir.
Nəşrin mənbələri iddia edirlər
ki, əgər Ermənistan bu tələbləri qəbul etməsə Azərbaycan müharibənin
indiki nəticələrinə yenidən baxa və Qarabağdakı Rusiya
sülhməramlılarının iştirakını şübhə altına ala bilər.
Nəşr
Paşinyanın bu tələblərin hansılarını qəbul edəcəyinin məlum olmadığını
bildirir, əlavə edir ki, Paşinyanın ətrafında həmin tələblərə “kar
müqavimət” var. Nikol özü isə Azərbaycan tərəfinin praktiki olaraq bütün
tələblərini yerinə yetirməyə meyllidir ki, kommunikasiyalar açılsın.
Nəticədə o, erməni cəmiyyətinə nümayiş etdirsin ki, Ermənistan Qarabağda
məğlub olsa da inkişaf üçün yeni səhifə açmağa çalışır.
Qeyd
edək ki, həmin tələblərin bir çoxunu prezident İlham Əliyev son
çıxışında artıq birbaşa və ya dolayısı dillə elan edib. O cümlədən
Ermənistandan Qarabağa rəsmi şəxslərin qanunsuz səfərlərinin
dayandırılmalı olduğunu bildirib, Naxçıvana kommunikasiyaların
açılmasına dair danışıqların getdiyini deyib. Habelə deyib ki,
Xocavənddə tutulan erməni silahlıları hərbi əsir sayıla bilməz, çünki
onlar Ermənistandan hərbi əməliyyatların dayandırılmasından
sonra-noyabrın 26-da göndəriliblər.
Daha
əvvəlki çıxışlarında isə Minsk Qrupunun faktiki olaraq mövcudluğunu
itirdiyini, Azərbaycanın bu qrupun vasitəçiliyi ilə Qarabağa dair
hansısa müzakirələr aparmaqda maraqlı olmadığını bildirib, regionda
dördtərəfli əməkdaşlıq, müzakirə formatının yaradılmasına tərəfdar
olduğunu açıqlayıb. Dağlıq Qarabağdakı erməni silahlı birləşmələrinin
tərksilahı məsələsi isə Azərbaycanın lap əvvəldən irəli sürdüyü
tələblərdən biridir (virtualaz.org).