2020-ci ilin yekunlarına
həsr olunmuş müşavirədə prezident İlham Əliyevin sosial sektorla bağlı
müəyyən mesajlar verdi. Dövlət başçısı həm koronavirusla bağlı sərt
karantin rejimindən əziyyət çəkən insanlara, həm də 2-ci Qarabağ
müharibəsinin iştirakçılarına edilən və ediləcək dəstəkləri açıqlayıb. Prezident
bildirib ki, koronavirusla mübarizəyə milyardlarla manat xərclənib.
Eyni zamanda müharbə xərcləri qarşılanıb, bununla belə, şəhid
ailələrinin müavinəti 300 manatdan 500 manata qaldırılıb, orta əməkhaqqı
və orta pensiya təqribən 13-14 faiz artıb. Yəni, bütün bunlar böyük
maliyyə yüküdür və sərt karantin rejiminin iqtisadiyyata mənfi
təsirlərinə baxmayaraq dövlət bu xərcləri qarşılaya bilib. Dövlət
başçısı şəhid ailələrinin mənzillə təminatına da toxunub. O deyib ki,
bu il biz şəhid ailələri üçün daha böyük həcmdə evlərin verilməsini
təmin etməliyik: “Bütövlükdə 9 mindən çox şəhid ailəsi dövlət tərəfindən
evlərlə və mənzillərlə təmin edilib. Keçən il 1500 şəhid ailəsi üçün
evlər nəzərdə tutulurdu. Əmək və əhalinin sosial müdafiəsi naziri bu
yaxınlarda mənə məruzə edib ki, yanvarın 15-dək bu 1500 ailə evlərlə
təmin olunacaq. Bu proqram bu il də davam etdirilməlidir. Vətən
müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin doğmalarına,
yaxınlarına evlər veriləcəkdir”.
Çox yaxşı
haldır ki, 2-ci Qarabağ savaşının şəhidlərinin ailələrinə mənzillərin
verilməsi çox qısa zaman kəsiyində həllini tapacaq. Çünki məcburi
köçkünlər üçün nəzərdə tutulmuş evlər şəhid ailələrinə veriləcək.
Prezident bildirib ki, Dövlətqaçqınkomun
balansında olan mənzillər Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin balansına veriləcək. Kifayət qədər böyük bir proqramdır.
Ona görə həm müharibəyə qədər növbədə dayanan şəhid ailələri
yerləşdirilməlidir bu evlərdə. Eyni zamanda, İkinci Qarabağ
müharibəsində şəhid olmuş qəhrəman hərbçilərimizin yaxınları bu evlərdə
yerləşdirilməlidir.
Təbii ki, rasional
yanaşmadır. keçmiş köçkünləri Bakıda, Gəncədə, Sumqayıtda yerləşdirmək
heç bir məntiqə sığmır. Onlar üçün nəzərdə tutulmuş evləri şəhid
ailələrinə vermək çox düzgün qərardır. Bu qərar hesabına şəhid
ailələrinin mənzil təminatı çox yaxın müddətdə və birdəfəlik həllini
tapacaq.
Müşavirədə əmək və əhalinin sosial
müdafiəsi naziri Sahil Babayev çıxışında da sosial sektorun bəzi mühüm
aspektləri əksini tapıb: “2020-ci ildə bütün sosial ödənişlər vaxtında
və tam şəkildə həyata keçirilib, bütün pensiyalar ölkə üzrə 16,6 faiz
indeksasiya olunaraq artırılıb. Ümumilikdə 2020-ci ildə pensiya
ödənişləri 2019-cu illə müqayisədə 20 faiz artıb. Prezidenttəqaüdləri
25 faiz, sosial müavinətlər 15 faiz artıb və ümumilikdə bu ödənişlər 2
milyondan çox vətəndaşı əhatə edib. Orta pensiyanın məbləği 13 faiz
artaraq 300 manata, yaşa görə pensiyanın orta məbləği də 13 faiz artaraq
330 manata çatıb.
Nazirin sözlərinə görə,
ünvanlı sosial yardım mexanizminin də əhatə dairəsi genişləndirilib.
2020-ci ildə 77 min ailənin 322 min üzvünə ünvanlı yardım ödənilib. Bu,
2019-cu illə müqayisədə 19 min nəfər çoxdur və 15 faizlik artımla orta
aylıq ödənilən məbləğ 240 manata çatıb. Bütün sosial ödənişlərin həyata
keçirilməsində avtomatlaşdırma, elektronlaşdırma tədbirləri görülür,
vətəndaş-məmur təması minimuma endirilir və bunun nəticəsində 2020-ci
ildə artıq həm müavinət və təqaüd, həm də pensiyalar üzrə 95 min təyinat
məhz elektron portal üzərindən hər hansı bir təmas olmadan həyata
keçirilmişdir.
S.Babayev bildirib ki, İkinci
Qarabağ müharibəsində şəhid olan, müharibədə iştirak edən, yaralanan
əsgərlərimizin ailələrinə dəstək verilməsi üçün də mexanizmlər
hazırlanıb. Şəhid ailələrinin təqaüdü 500 manata, 1-ci qrup müharibə
əlillərinin təqaüdü 400 manata, 2-ci qrup müharibə əlillərinin təqaüdü
350 manata, 3-cü qrup əlillərin təqaüdü isə 300 manata qədər, milli
qəhrəmanların təqaüdləri 1800 manata qədər artırılıb. Eyni zamanda yeni
bir təqaüd – Vətən Müharibəsi Qəhrəmanına prezident təqaüdü təsis
olunmuş, onun da məbləği 2000 manat olaraq müəyyən edilmişdir.
Təqaüdlərin artırılması, ümumilikdə 100 minədək insanı əhatə edir.
Nazirin
sözlərinə görə, İkinci Qarabağ müharibəsi döyüşlərində iştirak edən və
ya şəhid olan vətəndaşlarımızın ailələri ilə bağlı son bir ayda görülmüş
işlər 7 min şəxsi əhatə edib: “300 şəxsə sosial ödənişlər təyin
olunub. 2000 şəhid ailəsi və müharibə iştirakçısının ailəsi
özünüməşğulluq proqramlarına cəlb edilib, 2700 nəfərə isə
sosial-psixoloji və reabilitasiya xidmətləri göstərilib. Əlavə olaraq
mülki şəhidlərimizin sosial ödənişlərinin hamısı prioritet qaydada tam
şəkildə təmin olunmuş, onlara sosial-psixoloji reabilitasiya xidmətləri
təqdim edilmişdir. Bu məqsədlə xüsusi işçi qrupu yaradılıb. İşçi
qrupunda bütün aidiyyəti dövlət qurumlarının üzvləri var və
əlaqələndirilmiş iş nəticəsində şəhid ailələrinin, müharibədə yaralanan
şəxslərin, müharibə iştirakçılarının sosial təminatı, sosial ödənişləri,
məşğulluq tədbirləri sürətlə aparılır”.Təbii
ki, sosial sektorda, xüsusilə də şəhid və qazi ailələri ilə bağlı
proqramlar təqdirəlayiqdir və davamlı olaraq həyata keçirilməlidir. Bu
baxımdan müşavirədə səslənən fikirlər normaldır. Ancaq şəhid və qazi
ailələinin sosial müdafiəsinin təminatı təkcə bir nazirliyin yox, bütün
dövlət qurumlarının, xüsusilə də yerli icra hakimiyyətlərinin və
bələdiyyələrin öhdəsinə düşür. Bu baxımdan prezidentin sərəncamı ilə
rayon icra hakimiyyətlərində “Vətən müharibəsi iştirakçıları və şəhid
ailələri ilə işin təşkili şöbəsi” yaradılması çox vacib qərarardır. Yəni
söhbət təkcə şəhid və əlil ailərindən yox, bütövlükdə müharibə
iştirakçılarndan getməlidir.
Qadir İBRAHİMLİ