“İlk növbədə onu
vurğulamaq istərdim ki, bu il yanvar 20-də Avropa Parlamentinin (AP)
qəbul etdiyi illik doktrinal və hüquqi təsirə malik Ümumi Xarici və
Təhlükəsizlik Siyasətinin tətbiqi barədə qətnaməsi və 2021-ci il üçün
yol xəritəsi sayılan bu hesabat sənədində növbəti dəfə Şərq Tərəfdaşlığı
ölkələrinin (o cümlədən Azərbaycanın) beynəlxalq səviyyədə tanınmış
sərhədləri çərçivəsində ərazi bütövlüyünə Aİ-nin dəstəyi birmənalı
şəkildə əks olundu. Bəzi ermənipərəst dairələrinin səylərinə baxmayaraq,
44 günlük Vətən müharibəsindən sonra Avropa İttifaqının Azərbaycanın və
digər Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün və beynəlxalq
səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstəyə dair
mövqeyində hər hansı dəyişiklik baş vermədi”.
Bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.
“Sənəddə,
həmçinin qeyd edilir ki, Azərbaycan, Rusiya və Ermənistan dövlət
başçıları tərəfindən 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat
müsbət qarşılanır, gələcək sülh üçün bu razılaşmanın daha yaxşı
perspektivlər açacağına ümid ifadə olunur. Burada, mülki əhalinin
öldürülməsi, mülki infrastrukturun dağıldılması, kasetli döyüş
sursatlarından istifadə pislənir və bu xüsusda həm Ermənistan, həm də
Azərbaycana çağırışlar edilir. Sənəddə məcburi köçkünlər və qaçqınların
evlərinə geri qayıtması, ehtiyacı olanlara humanitar yardımın
göstərilməsi, habelə müharibə cinayətlərinə məsul olanların qanun
qarşısında cavab verməsi kimi məsələlər əks olunub.
Bir
sözlə, Avropa Parlamenti qətnaməsi Şərq Tərəfdaşlığı ölkərindəki
münagişələrlə bağlı bütün məsələlərin həllini məhz beynəlxalg hüquq
əsasında, ilk növbədə isə ŞT ölkələrinin beynəlxalq sərhədləri
çərçivəsində ərazi bütövlüklərinin Aİ tərəfindən qətiyyətli
dəstəklənməsi əsasında həll edilməsinin vacibliyini son 4 ildə olduğu
kimi bir daha vurğulayıb.
O ki, qaldı qətnamədə
əks olunmuş bəzi əsassız və gecikmiş məqamlara, onlara aydınlıq
gətirmək istərdik. İlk növbədə, bölgənin gələcək statusu və Dağlıq
Qarabağın erməni əhalisi və irsinin təhlükəsizliyinin təmin olunması
məsələsi ilə bağlı mövqeyimiz bəllidir və birmənalı şəkildə dəfələrlə
ifadə olunub. Bu mövqe ilə tanış olmayan AP üzvlərinin diqqətinə bir
daha çatdırırıq ki, Azərbaycan Prezidenti status məsələsini tarixin
zibilliyinə yollayıb, erməni əhalisinin və irsinin təhlükəsizliyinə
gəldikdə isə, Azərbaycan ərazisindəki bütün vətəndaşların hüquqları
etnik mənsubiyyətindən və dinindən asılı olmayaraq Azərbaycan
Konstitusiyası ilə təmin olunur; tarixi-mədəni abidələr isə dövlət
səviyyəsində qorunur.
Qətnamədə qardaş Türkiyə
ilə bağlı əsassız iddialar əks olunub, həqiqəti əks etdirməyən qərəzli
fikirlərə yer verilib. Vurğulayırıq ki, Türkiyə bölgənin aparıcı
ölkələrindən biridir, bölgədə sülh və təhlükəsizliyin təmin olunmasında
maraqlıdır və bu xüsusda müstəsna rol oynayır”, – XİN rəsmisi
vurğulayıb.