Şuşanın bərpa edilərək dünyaya geniş tanıdılması 3 istiqamətdə aparılacaq.
Trend-in
məlumatına görə, bunu “Real” TV-nin efirində Mədəniyyət naziri Anar
Kərimov deyib. Onun sözlərinə görə, hazırda nazirlik tərəfindən
inventarlaşdırma aparılıb və 210 tarixi-mədəni abidə aşkar edilib:
“Gələcəkdə
biz bu abidələrin bərpası ilə məşğul olacağıq. Hazırda birinci
istiqamət bundan ibarətdir, ikinci istiqamət isə Şuşanın beynəlxalq
səviyyədə tanıdılmasıdır. Şuşanın 2022-ci ildə İslam dünyasının, 2023-cü
ildə isə türk dünyasının mədəniyyət paytaxtı olması nəzərdə tutulur.
Eyni zamanda, Şuşanın tarixi hissəsinin UNESCO-nun tarixi irs siyahısına
daxil edilməsi məsələsi var. Biz bu istiqamətdə işlər aparırıq,
beynəlxalq ekspertləri bu məsələyə cəlb etmək niyyətindəyik. Üçüncü
istiqamət isə Şuşaya adət-ənənələrimizin, ruhumuzun qaytarılmasıdır. Bu
da Xarı Bülbül festivalıdır və dövlət başçısının da bununla bağlı xüsusi
tapşırığı var. O cümlədən, Molla Pənah Vaqifin poeziya günlərinin
Şuşada keçirilməsi istiqamətində də müvafiq işlər görülür”.
Nazir
əlavə edib ki, bu il ola bilsin, bu tədbirlər lokal şəkildə həyata
keçirilər, ancaq gələcəkdə sözügedən tədbirlər beynəlxalq səviyyədə
reallaşacaq.