Azərbaycan dövlətinin yürütdüyü uğurlu daxili və xarici siyasət kursu ölkəmizin davamlı nailiyyətlər qazanmasını təmin edir. Belə ki, müxtəlif sahələrdə, eləcə də beynəlxalq müstəvidə aparılan uğurlu fəaliyyət ölkəmizin milli gücünün daha da artmasını şərtləndirib. Qeyd edilməlidir ki, xarici siyasət sferasında əldə olunan nailiyyətlər, beynəlxalq təşkilatlarda uğurlu təmsilçilik 44 günlük Vətən müharibəsində qazanılan qələbədə də əsaslı rol oynadı. Dünyanın aparıcı təşkilatlarının, ölkələrinin Azərbaycanın haqlı mövqeyinə verdiyi dəstək məhz bu kontekstdə xüsusi qeyd edilməlidir.
Şübhəsiz, Azərbaycanın mühüm uğurlar qazanması, beynəlxalq mövqeyinin daha da möhkəmlənməsi ermənipərəst, anti-Azərbaycan dairələr tərəfindən ciddi narahatlıqla qarşılanır. Eyni zamanda, ölkəmizin uğurlarına qarşı daim qısqanclıq nümayiş etdirən, tarixi nailiyyətlərimizə kölgə salmağa çalışan radikal müxalifət düşərgəsi Azərbaycanın artan beynəlxalq nüfuzundan narahatlıq keçirməkdədir. Bunun nəticəsidir ki, ermənipərəst mərkəzlərin sifarişini yerinə yetirən AXCP sədri Əli Kərimli və digər antimilli ünsürlər Azərbaycanın beynəlxalq səviyyədə əldə etdiyi uğurlara qarşı sosial şəbəkələrdə qara piar kampaniyası aparır, reallıqları təhrif etməyə çalışır.
Məsələ ilə bağlı fikirlərini bölüşən Milli Məclisin deputatı Elman Məmmədov bildirib ki, radikal müxalifətin Azərbaycan dövlətinə qarşı apardığı cılız kampaniyalar fiaskoya məhkumdur. Dağıdıcı ünsürlərin və onların xaricdəki uzantılarının ermənipərəst mərkəzlərin sifarişi ilə bu cəhdləri göstərdiyini diqqətə çatdıran millət vəkili deyib ki, bu tip kampaniyalar radikal müxalifətin Azərbaycanın beynəlxalq nüfuzunun artmasından ciddi narahatlıq keçirdiyini göstərir: “Azərbaycan dövlətinin son illərdə bir sıra aparıcı beynəlxalq təşkilatların fəaliyyətində fəal rol oynaması, eləcə də irəli sürdüyü təşəbbüslər dünya ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmiz bir sıra mühüm məsələlərlə, eləcə də COVID-19 pandemiyasına qarşı beynəlxalq mübarizənin təşkili ilə bağlı təşəbbüslər irəli sürdü. Bütün bunlar isə, öz növbəsində, beynəlxalq təşkilatlarda təmsil olunan dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli əlaqələrin möhkəmlənməsində əsaslı rol oynayır. Ermənipərəst mərkəzlərin direktivləri əsasında çirkin təbliğat aparan radikal müxalifət isə bir daha dövlət, xalq maraqlarına düşmən kəsildiyini ortaya qoyur. Belələri unudurlar ki, dövlətə, xalqa qarşı edilən xəyanətlər heç bir zaman bağışlanmır”.
Milli Məclisin deputatı Sevinc Hüseynova da yerləşdiyi regionun lider dövləti olan, öz ərazi bütövlüyünü təmin etmiş Azərbaycanın gündən-günə artan nüfuzundan narahatlıq keçirən radikal ünsürlərin apardıqları çirkin kampaniyaların ikrah hissi ilə qarşılandığını deyib. Onun sözlərinə görə, ölkəmizin 44 gün ərzində işğal altındakı torpaqlarımızı azad etməsi, həmin ərazilərin abadlaşdırılması istiqamətində mühüm addımlar atması dövlətimizin gücünü göstərir: “Bu gün dünyanın bir sıra təşkilatları, ölkələri bu bərpa-quruculuq fəaliyyətində yer almaq üçün ölkəmizə müraciətlər ünvanlayırlar. Bu, Azərbaycanın yüksək nüfuzunun göstəricisidir. Radikal ünsürlər bunu görürlər. Bu baxımdan da, onlar özləri də dərk edirlər ki, apardıqları uğursuz kampaniyalar iflasa məhkumdur”.
Pərviz SADAYOĞLU