“2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu siyasətin nəticəsi idi. Təbii ki, bu qələbənin qazanılmasında rol oynayan əsas komponentlərdən danışarkən ölkəmizin hərbi potensialının daha da artırılması, iqtisadi stabilliyin qorunub saxlanılması, ən əsası isə beynəlxalq müstəvidə aparılan düzgün xarici siyasət kursu xüsusi vurğulanmalıdır. Qarabağ zəfəri üçün illərdir ki, mühüm təməllər atılmaqda idi. Prezident İlham Əliyev “CNN Türk” kanalına müsahibəsində də bildirdi ki, qələbənin əldə olunmasında bir çox amillər rol oynadı. İlk növbədə, əlbəttə ki, xalqımızın əzmi, barışmaz mövqeyi və dövlətin rəsmi siyasəti. Müharibə üçün düzgün zaman seçilməli idi. Çünki bu, tarixi məsuliyyətdir və ona görə zamanında atılan addımlar belə bir nəticəyə gətirib çıxardı. Çünki biz Qarabağı unutmadıq”.
Bu fikirləri politoloq Qabil Hüseynli deyib. Onun sözlərinə görə, istər yeni müasir silahların əldə olunması, istərsə də ölkəmizin milli müdafiə sənayesinin ildən-ilə təkmilləşdirilməsi qələbəni təmin etdi. Azərbaycan öz iqtisadi gücündən düzgün istifadə etməklə xarici ölkələrlə, beynəlxalq təşkilatlarla münasibətlərini daha da yüksək səviyyəyə çatdırdı: “Azərbaycanda siyasi sabitliyin, vətəndaş birliyinin təmin edilməsi, çox inamlı islahatların aparılması və siyasi müstəvidə mühüm uğurların əldə olunması ölkəmizin mövqelərini möhkəmləndirən əsas amillər kimi çıxış etdi. Digər tərəfdən, ötən illər ərzində dünya ölkələri ilə ikitərəfli əlaqələrin gücləndirilməsi, beynəlxalq təşkilatlarla milli maraqlar çərçivəsində düzgün iş prinsipinin qurulması Vətən müharibəsi dövründə ölkəmizə güclü dəstəyin nümayiş etdirilməsinə səbəb oldu. Bu isə özlüyündə bir həqiqətin növbəti dəfə ortaya çıxmasını şərtləndirdi – birmənalı şəkildə Vətən müharibəsində həm siyasi platformada, həm də hərbi müstəvidə qazandığımız uğurlar Prezident İlham Əliyevin adı ilə bağlıdır”.
Pərviz
Yeni Azərbaycan qəzeti