Azərbaycanın uğurundan qorxuya düşən nankorlar

Belələri erməni diasporası ilə birbaşa bağlıdırlar

Prezident seçkilərinə münasibətdə radikal müxalifət, onların Avropada olan təmsilçiləri anti-Azərbaycan qüvvələrlə eyni mövqe sərgiləyir. Hətta bir qədər irəli gedərək deyə bilərik ki, onların son mövqeləri artıq erməni mövqeyindən fərqlənmir. Qeyd edilənlərin konkret nümünəsini Xədicə Eyvazova, Mehri Nəsibova, Farizə Qurbanova, Fəridə Heseynova və digər belə şəxslərin timsalında görmək olar. Qaçıb Avropaya sığınan və Azərbaycan xanımına yaraşmayan addımlar ataraq ölkəmizə qarşı olan qüvvələrlə bir cərgədə dayanan bu şəxslər əvvəlki kimi anti-Azərbaycan qüvvələrin əlinə oynayırlar.
“İnsan hüquqları XXI əsr” fondunun rəhbəri Şahin Camalov qeyd edir ki, belələri dövlətçiliyin əleyhinə fəaliyyət göstərməkdən çəkinmirlər: “Dövlətçilik, milli maraqlar olan yerdə iqtidar, müxalifət fərq etməməlidir. Hər kəsin eyni amalla çıxış etməsi vacib şərtdir. Amma çox təəssüf ki, radikal müxalifətin, onların Avropa təmsilçilərinin timsalında bunu görmürük. Xüsusi ilə seçki dövründə onların bir sıra nümayəndələri dövləti ləkələməkdən belə çəkinmirlər. Bu isə siyasətdə qəbul olunan məsələ deyil. Dövlət hamımızın dövlətidir. Hakimiyyəti demokratik yolla əldə edə bilərlər. Lakin xarici qüvvələrə, xüsusən də xaricdə dövlətimizə qarşı ikili standartlarla yanaşanlara qoşularaq dövlətin maraqlarını tapdalamaq yolverilməzdir”.
Şahin Camalov bu gün onların aktivlşməsinin səbəbi olduğunu qeyd etdi: “Azərbaycanı sevməyən beynəlxalq təşkilatlar seçkiqabağı bu şəxslərə ciddi maliyyə imkanları yaradıblar. Bu şəxslər də həmin maliyyə imkanlarını daha rahat istifadə etmək üçün dövlətə qarayaxma yolunu tuturlar. Ona görə də çağırış edirəm: Dövlət sizin 3-5 manatlıq marağınıza satılan nəsnə deyil. Dövlət maraqlarını ali tutmaq hər bir Azərbaycan vətəndaşının borcudur. Bu məsələdə iqtidar, müxalifət cəbhəsi yoxdur”.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) sədrinin müavini Niyaməddin Orduxanlının fikrincə, bu günə qədər Azərbaycan siyasətində bu cür murdarlıq baş verməmişdi: “Hazırda onlar xüsusən sosial şəbəkələrdə müxtəlif fəaliyyətləri nəzərə çarpırlar. Birincisi, Avropada “siyasi mühacir” həyatı yaşayan insanlardır ki, Azərbaycan dövlətinə, prezidentinə qarşı kampaniya aparırlar. Onlar erməni diasporası ilə birbaşa bağlıdırlar. Bu, açıq şəkildə görünməkdədir. Bunlar şəbəkə formasında fəaliyyət göstərirlər. Artıq o qədər murdarlığa varıblar ki, “Xocalı soyqrımını azərbaycanlılar törədib” tezisini ortaya çıxardıblar. Bunun özü sübut edir ki, maliyyəni erməni lobbisindən əldə edirlər.
26 ildir Azərbaycan dünyaya erməni vəhşiliyini sübut etməyə çalışır. Belə bir vəziyyətdə “soyqrımı azərbaycanlıların özləri törətdib” deyirlər. Bunun adı nədir?! Bu məsələdə radikal müxalifət Avropa uzantılarından öz siyasi məqsədləri üçün istifadə edir”.
Sabiq millət vəkili Sabir Rüstəmxanlı bildirir ki, bəziləri miqrant statusu almaq üçün özünü cinsi azlığın nümayəndəsi kimi təqdim edir və ya erməni soyadı qəbul edərək, yalan danışırlar. Bundan sonra isə onlar Azərbaycana qarşı hədyanlar yağdırmağa başlayırlar: “Min hoqqadan çıxırsan və gedib düşürsən bu ölkəyə. O haqqı verirlər və sən yaşayırsan orda. Axı sənin kökün var, dədələrin var, onların qəbri var. Ora sənin torpağındır. Bizim pis olmağımız sənə nə verə bilər?! Yaxşı, biz pis olaq, dünya bizi söysün, əzsin, erməninin qabağında diz çökdürsün, Qarabağı da verək. Sən nə qazanacaqsan bundan? Bax, mən bu suala cavab tapa bilmirəm. Ona görə hesab edirəm ki, Azərbaycan diasporu bu cür adamlara qarşı ciddi mübarizə aparmalıdır”.
S.Rüstəmxanlı daha sonra bildirib: “Avropa ikiüzlüdür. İkili standartlarla hərəkət edirlər. Bunun qabağında sən millət kimi bütöv olmasan, mümkün deyil. Bizim bu şəraitdə birlik olmaqdan, mübarizə aparmaqdan başqa yolumuz yoxdur. Kökümüz sağlam olmasa, ordan qopan bir budaq başqa bir ağacın budağına yamaq ola bilməz. Biz ancaq özümüzə bağlı olanda güclüyük”.
E. ƏLİZADƏ