Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak 2021-ci ildə neftə olan tələbatın bərpa olunacağına ümid edir.
“APA-Economics”in
Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, A. Novak “OPEC+”
ölkələri tərəfindən bazarı bir qədər də sabitləşdirmək və hasilatı bərpa
etmək üçün doğru qərarlar verəcəyinə ümid etdiyini bildirib: “Ümid
edirik, 2021-ci ildə tələbatın o cümlədən bir çox ölkədə artıq başlanan
peyvəndləmə nəticəsində, bərpa olunacağını görəcəyik”.
Qeyd
edək ki, OPEC-ə üzv və qeyri-üzv ölkələrin nazirlərinin 12-ci iclasında
gündəlik xam neft hasilatının 2021-ci ilin yanvar ayı üçün 7,2 mln.
barel azaldılması və “OPEC+” nazirlərinin hər ay keçiriləcək görüşləri
vasitəsi ilə gündəlik hasilatda artımın 0,5 mln. bareldən çox olmaması
şərti ilə aylıq tənzimlənməsi barədə qərar qəbul edilib. Bu qərarı
Azərbaycan da dəstəkləyib.
Beləliklə, yanvar
ayında gündəlik xam neft hasilatını OPEC ölkələri 4,564 mln. barel,
qeyri-OPEC ölkələri isə 2,636 mln. barel azaldacaq. Yeni “Əməkdaşlıq
Bəyannaməsi”nə uyğun olaraq, 2021-ci ilin yanvar ayında Azərbaycanın
öhdəliyi 123 min barel olacaq. Yəni, yanvarda Azərbaycan gündəlik xam
neft hasilatını 8 min barel artıraraq, istehsalı 595 min barel
səviyyəsində saxlamalıdır.
Xatırladaq ki, aprel
ayının 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul
edilmiş tarixi razılaşma öhdəliklərin 2021-ci ilin yanvarından 2022-ci
ilin aprel ayının sonunadək 1,9 mln. barel yumşaldılmasını, yəni,
ümumilikdə gündəlik xam neft hasilatının 5,8 mln. barel azaldılmasını
nəzərdə tuturdu.