“Azərbaycanın
müəyyənləşdirdiyi yerdə və bizə göstərdiyi nöqtələrdə Dağlıq Qarabağda
atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzini qurmaq
mərhələsindəyik. Bu mərkəzlərin başlıca məqsədi atəşkəsə nəzarət olacaq,
amma atəşkəs pozulacağı halda bunun qarşısını almaq tədbirləri də
görüləcək”.
APA-nın Türkiyə bürosunun
xəbərinə görə, Portuqaliyada səfərdə olan Türkiyənin xarici işlər naziri
Mövlud Çavuşoğlu mətbuat konfransında jurnalistlərin suallarını
cavablandırarkən bu fikirləri bildirib.
Nazir
deyib ki, Azərbaycanla Ermənistan arasında yaşanan 44 günlük müharibə
müddətində Rusiya, ABŞ və Fransanın müdaxiləsilə 3 dəfə atəşkəs elan
edilməsinə çalışılsa da, hər dəfə bu, Ermənistan tərəfindən pozulub.
M.Çavuşoğlu
atəşkəslə bağlı qəbul edilən son qərara Ermənistanın əməl edəcəyinə
ümidli olduğunu bildirib: “Belə olan halda biz Ermənistanla
əlaqələrimizi normallaşdıracağıq. Biz bundan sonra atılacaq addımları da
Azərbaycanla birgə dəyərləndirəcəyik. Ermənistanla sərhədlərin açılması
son dərəcə bu ölkənin xeyirinə olacaq. Çünki Ermənistan öz daxilində
təcrid olunmuş vəziyyətdə qalıb”.