Yaponiyanın Azərbaycandakı
səfirliyi “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarının guya ləğv
edilməsinin qərarlaşdırılması ilə bağlı məlumatlarla əlaqədar bəyanat
yayıb.
Səfirlikdən istiqlal.az-a daxil olan
bəyanatda qeyd edilib ki, Yaponiya hökumətinin “Tokio-2020” Olimpiya və
Paralimpiya Oyunlarının ləğv olunmasını qərarlaşdırması haqqında yayılan
məlumatlar doğru deyil. Ötən ilin iyulunda Beynəlxalq Olimpiya
Komitəsinin sessiyasında bu il iyulun 23-də keçiriləcək açılış
mərasimindən başlayaraq, Oyunların cədvəli və məkanların siyahısı
qərarlaşdırılıb. Hazırda əlaqədar şəxslər bu yay Oyunların uğurlu
şəkildə baş tutması üçün birgə çalışaraq hazırlıqlar görməkdədirlər.
“Yaponiya
Hökuməti olaraq, yeni növ koronavirusa (COVID-19) qarşı bütün lazımi
tədbirləri həyata keçirərək, Beynəlxalq Olimpiya Komitəsi, “Tokio-2020”
Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsi və Tokio meriyası
ilə birgə təhlükəsiz və uğurlu Oyunlar üçün hazırlıqlara davam
edəcəyik”, – deyə bəyanatda bildirilib.